Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

01.06.2017 15:56
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əsgər Abdullayevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib

AMEA-nın müxbir üzvü Əsgər Abdullayevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsində bu qurumun və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli alim, Azərbaycanda texnika sahəsində ilk SSRİ Dövlət Mükafatı laureatı, AMEA-nın müxbir üzvü Əsgər Abdullayevin 90 illik yubileyinə həsr olunan elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsinin direktoru, texnika elmləri namizədi Əli Əmirov açaraq görkəmli alim Əsgər Abdullayevin mənalı ömür yolundan, elmi fəaliyyətindən, əldə etdiyi yüksək nailiyyətlərdən danışıb. Bildirib ki, Ə.Abdullayevin elmi fəaliyyətinin əsas istiqamətləri neft, qaz, neft-kimya, neft emalı obyektləri üçün avtomat idarəetmə sistemlərinin (AİS) yaradılması ol­muşdur. İlk dəfə olaraq o, neft sənayesinin avtomatlaşdırılmasının vahid texniki, informasiya və təşkilati təminatlı çoxsəviyyəli və çoxkonturlu sistem prinsipini təklif etmişdir.

Qeyd olunub ki, alimin rəhbərliyi ilə keçmiş SSRİ-də ilk dəfə olaraq neftçıxarma müəs­sisəsinin kompleks avtomatlaşdırılma layihəsi işlənmiş, texnoloji proseslərin ilk AİS sistemi - "Krekinq” sənaye istismarına verilmiş və bu sistemlərdə ilk dəfə adaptiv idarəetmə prinsipi reallaşdırılmışdır.

Tədbirdə görkəmli alimin şərəfli ömür yolundan danışan İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev onun Azərbaycan cihazqayırma sənayesinin inkişaf etdirilməsindəki rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, Ə.Abdulayevin bilavasitə rəhbərliyi və iştirakı ilə 1970-ci illərdə “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunun Bakı şəhərində yerləşən təcrübə zavodu əsaslı surətdə yenidən qurulmuş, 1980-ci illərdə Əli-Bayramlı şəhərində “Cihazqayırma” və “Avtomatika və Telemexanika” zavodları tikilmiş, 1990-cı ilin əvvəllərində Sumqayıt şəhərində institutun təcrübə-istehsalat bazası olan “Neftqazavtomat” EİB tikilmiş və istismara verilmişdir.

Avtomatlaşdırma sahəsində alimin böyük elmi məktəb yaratdığını söyləyən T.Əliyev hazırda bu məktəbin yetirmələrinin dünyanın bir sıra ölkələrində müvəffəqiyyətlə çalışdığını bildirib.

Diqqətə çatdırılıb ki, 19 monoqrafiya, 200-dən artıq elmi məqalə, 60-dan çox ixtiranın müəllifi olan Ə.Abdullayev Azərbaycan dilində yazılmış ilk “Avtomatik tənzimləmə” dərsliyinin müəllifi idi. Onun rəhbərliyi ilə 50-dən çox namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.

Daha sonra çıxış edən professor Faiq Abdullayev bildirib ki, görkəmli alimin rəhbərliyi və iştirakı ilə neft sənayesinin avtomatlaşdırılması üzrə fundamental elmi-tədqiqat işləri yerinə yetirilmiş, avtomatlaşdırılmış idarə sistemlərinin geniş əhatəli problemləri həll olunmuşdur. Qeyd edib ki, Ə.Abdullayevin rəhbərliyi dövründə "Neftqazavtomat" EİB SSRİ Cihazqayırma Nazirliyinin neftçıxarmada avtomatlaşdırma sahəsi üzrə baş təşkilatına çevrilmiş və SSRİ-nin neftçıxarma obyektlərinin 80%-i  məhz bu müəssisənin yaratdığı sistem və vasitələr əsasında avtomatlaşdırılmışdır.

Bildirilib ki, Ə.Abdullayev Azərbaycanda texnika sahəsində ilk dəfə SSRİ Dövlət Mükafatı laureatı, SSRİ Nazirlər Soveti mükafatı laureatı olmuş, həmçinin Əməkdar mühəndis adına layiq görülmüşdür.

Tədbirdə professorlar Kamil Aydazadə, Tofiq Rzayev, t.e.n. Adil Cavadov, Sabir Osmanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ilahiyyatçı alim Nəriman Qasımzadə və başqaları alimlə bağlı xatirələrini bölüşüblər, Ə.Abdullayevi təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə ediblər.

Sonda alimin ailəsi adından çıxış edən qızı Gülarə Abdullayeva atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: