Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.06.2017 09:10
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib

Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib

AMEA-nın Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib. Tədbirdə bölmə üzvləri və elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

İclası bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev "Aləmin əbədi dövranı paradiqması" mövzusunda məruzə ilə çıxış edib. Akademik məruzəsində aləmin əbədi dövranı (AƏD) haqqında yeni elmi paradiqmanın əsaslarını təqdim edib. Bildirib ki, daha öncədən təklif edilmiş paradiqmalar ilkin və ikinci insan duyğularına əsaslanır. O, müxtəlif paradiqmalar arasında fərqlərin əsasən ikinci duyğuların – yenilənən koqnitiv sistemlərin nəticələrinin dərkolunma miqyası ilə bağlı olduğunu söyləyib.

Materiyanın maddi və sərbəst haldan ibarət olduğunu deyən akademik qeyd edib ki, mütləq sərbəst hal azad enerji potensialına malik sonsuz fəza formasındadır. Ayrı-ayrı maddələrdən və azad fəzanın hissələrindən ibarət olan maddi hal fiziki, bioloji və informasiya formaları şəklində mövcuddur. 

Məruzəçi bütün fundamental təsir qüvvələrinin materiyanın maddi və sərbəst halları ilə qarşılıqlı təsirinin AƏD-də müxtəlif miqyaslarda istəklərin icrasına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, hər bir istək müəyyən hərəkət şəklində baş verdiyindən bu proses də qeyri-aşkar şəkildə təsirin ən kiçik prinsipinə tabedir. 

H.Quliyev bildirib ki, hərəkətlərin müddəti materiyanın informasiya formasının elementidir, zaman isə müddətlərin spesifik ölçülmə nəticələrinin kəmiyyət göstəricilərinin qəbul olunmuş qaydada düzəni və istifadəsidir. Kainatın hər yerində materiyanın iş gördüyünü deyən akademik qeyd edib ki, bunun nəticəsində müddətlərin toplum cəmi durmadan artır və bu artımdan təcrid olmaq mümkün deyil.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Gündəlikdə əksini tapan növbəti məsələ AMEA-da yer elmləri sahəsi üzrə elmlər doktoru hazırlığının və "AMEA-nın professoru" elmi adı müsabiqəsində bölmənin institut və təşkilatlarının iştirak vəziyyətinin müzakirəsi olub. Müzakirələrdən sonra bölmə tərəfindən müvafiq qərar qəbul edilib.

Tədbirdə 28 May – Respublika Günü münasibətilə elmi və ictimai fəaliyyətləri ilə fərqlənən institutun bir qrup əməkdaşı Yer Elmləri Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.

Sonda bir sıra cari məsələlər müzakirə edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: