AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) macar alimi Georq Hazainin kolleksiyasının rəqəmsallaşdırılmasına dair təqdimat keçirilib.
Tədbirdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edərək rəhbərlik etdiyi qurumda kolleksiyaların rəqəmsallaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. O, MEK-in Rəqəmsallaşdırma şöbəsində istənilən sənədin PDF və ya Word formatlarda rəqəmsallaşdırıldığını və kitabların video formatda vərəqləməsinə şərait yaradıldığını deyib.
Sonra Rəqəmsallaşdırma şöbəsinin müdiri Elmar Quliyev çıxış edərək iş prosesi barədə məlumat verib. Bildirib ki, kitablar əl izlərindən təmizlənərək yüksək keyfiyyətli avadanlıqla skan olunur və kompüterlərə köçürülərək rəqəmsallaşdırılır. O, Nadir fonddan 1000, Milli Rəqəmsal Yaddaş bazasından 250 kitab, jurnal, şəxsi kolleksiya, 2500-ə yaxın avtorefarat və dissertasiya olmaqla, ümumilikdə 5000 sənədin rəqəmsallaşdırıldığını qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.