Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.
AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin və MM qüvvələrinin komandir-rəis heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbənin rəisi Eldar Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
E.Quliyev qərargah rəislərinin MM üzrə tədris məsələlərinə biganə yanaşdığını söyləyərək, keçirilən dərslərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlarını verib. O, cari ildə AMEA-nın elmi müəssisə və təşkilatlarında MM-in təşkili və yaradılması, MM tədbirlərinin yerinə yetirilməsi və icraya nəzarət məqsədilə bir sıra işlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, bu məqsədlə Torpaqşünaslıq və Aqrokimya, Coğrafiya və Arxeologiya və Etnoqrafiya institutlarında yoxlamalar aparılıb, arayış tərtib olunaraq nəticələr institut rəhbərliyinə təqdim edilib. Şöbə rəisi yoxlamalar zamanı qeydə alınan çatışmazlıqların yerindəcə aradan qaldırıldığını, sözügedən institutlarda MM işlərinin və Hərbi uçotun vəziyyətinin qənaətbəxş hesab olunduğunu söyləyib.
Sonra elmi müəssisə və təşkilatlarda Fərdi Mühafizə vasitələrinin illik hesabatlar əsasında vəziyyəti barədə məruzə dinlənilib. Şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək hesabatlarda bir sıra texniki nöqsanların aşkarlandığını və MM anbarlarında saxlanılan əmlakların qeydə alınması zamanı diqqətsizliyə yol verildiyini söyləyib.
Daha sonra 2017-ci ilin iyun ayında İnformasiya Texnologiyaları, Polimer Materialları, Hüquq və İnsan Haqları və Əlyazmalar institutlarında keçirilən Rəhbər Heyətin Mülki Müdafiə məşqləri haqqında məruzələr dinlənilib.
Sonda bir sıra cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.