Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2017 13:00
  • A-
  • A
  • A+

"Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres işə başlayıb

"Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres işə başlayıb

Bakıda AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK), Azərbaycan Rus İcması və Aleksandr Soljenitsın adına Rus Mühacirliyi Evinin birgə təşkilatçılığı ilə "Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu" adlı beynəlxalq konqres keçirilir.

3 gün davam edəcək tədbirdə Azərbaycan, Rusiya, Moldova, Latviya, Bolqarıstan, Qırğızıstan və Tacikistandan olan ictimai-siyasi xadimlər, ali təhsil və elmmüəssisələrinin, ictimaiyyətin nümayəndələri iştirak edir.

Konqresdən əvvəl Rus Mühacirliyi Evinin MEK-ə hədiyyə etdiyi 300 kitabın təqdimatı keçirilib.

Təqdimat mərasimində millət vəkili, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin çıxış edərək iki dost və qonşu ölkə arasında qarşılıqlı siyasi, iqtisadi, elmi-texniki, parlamentlərarası əlaqələrin olduğunu diqqətə çatdırıb. O, tədbirin sözügedən münasibətlərin daha da inkişafına təkan verəcəyini bildirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli hər iki ölkənin elmi mərkəzləri arasındakı münasibətlər və onun inkişaf perspektivlərindən danışıb. Azərbaycanda rus ədəbiyyatına daim böyük maraq göstərildiyini söyləyən alim ictimaiyyətə təqdim olunan yeni nəşrlərin üstün cəhətləri barədə fikirlərini bölüşüb.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev və digərləri çıxış edərək ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən diqqət və qayğıdan danışıblar.

Daha sonra konqresin açılış mərasimi baş tutub.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək bu gün Şərq və Qərb, Asiya və Avropanın sıx demoqrafik, iqtisadi və ideoloji yaxınlaşma prosesi yaşayaraq yeni sivilizasiya formalaşdırdığını söyləyib. Azərbaycanın öz tarixi boyunca digər xalqların sığınacaq yeri olduğunu deyən akademik A.Əlizadə bu gün qarşılıqlı hörmət və mehribanlıq prinsipləri əsasında bir çox din və etnosların nümayəndələrinin ölkəmizdə özlərini rahat hiss etdiklərini qeyd edib.

AMEA-nın prezidenti ölkələrimiz arasında elm sahəsində səmərəli əməkdaşlıqdan danışıb, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycanda rus dili və ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilir.

"Son illər AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir" - deyən akademik A.Əlizadə rəhbərlik etdiyi qurumda magistratura pilləsinin yaradılmasının bu yöndə həyata keçirilən islahatların bir hissəsi olduğunu bildirib.

Sonra Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov Təhsil naziri Mikayıl Cabbarovun konqresə ünvanladığı məktubu oxuyub.

Tədbirdə çıxış edən millət vəkili Əli Hüseynli, Arif Rəhimzadə və başqaları Azərbaycanın dünyada tolerant və multikultural ölkə kimi tanındığını bildirib, konqresin işinə uğurlar arzulayıblar.

Konqres işini plenar iclaslarla davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: