Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Akademik Hüseyn Həsənov” kitabının təqdimatı olub
17.10.2017 14:08
  • A-
  • A
  • A+

“Akademik Hüseyn Həsənov” kitabının təqdimatı olub

Oktyabrın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu qurumun və Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli fizioloq-alim və elm təşkilatçısı, Əməkdar elm xadimi, akademik Hüseyn Həsənovun xatirəsinə həsr edilən “Akademik Hüseyn Həsənov” kitabının təqdimatı olub.

Tədbirdə kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edərək görkəmli alim Hüseyn Həsənovun elmə, təhsilə verdiyi töhfələrdən, Azərbaycan fiziologiya elminin inkişafında əvəzsiz xidmətlərindən danışıb. İctimaiyyətə təqdim olunan “Akademik Hüseyn Həsənov” kitabı barədə məlumat verən L.İmanova bildirib ki, nəşrdə alimin həyat yolundan və elmi fəaliyyətindən ətraflı söhbət açılır. Kitabda yer almış fotolarda fiziologiyanın inkişafından soraq verən tarixi sənədlər oxuculara təqdim olunur.

Sonra çıxış edən Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Haşımova qeyd edib ki, bacarıqlı elm təşkilatçısı olan H.Həsənov 1968-ci ildə Fiziologiya İnstitutu yarananda bu müəssisədə elmi işlər üzrə direktor müavini işləyib, sonralar isə institutun direktoru vəzifəsində çalışıb. O, 27 il AMEA-nın Fiziologiya İnstitutuna rəhbərlik edib.

Bildirilib ki, mərkəzi sinir sisteminin fiziologiyasının öyrənilməsində, fiziologiyanın tədqiqi üçün laboratoriyaların açılmasında böyük əmək sərf etmiş alimin əsərləri bir sıra xarici ölkələrdə çap olunaraq dünya elmi ictimaiyyətinin diqqətinə çatdırılıb. Məhz onun səyi nəticəsində SSRİ fizioloqlarının qurultayı Azərbaycanda keçirilib.

Tədbirdə çıxış edən Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salamov, AMEA-nın müxbir üzvü Rafiq Qasımov və digərləri H.Həsənovun elmi və pedaqoji fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: