Noyabrın 7-də Bakı Biznes Mərkəzində “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” mövzusunda elmi seminar təşkil olunub.
Dövlət və hökumət rəsmilərinin, elm və mədəniyyət xadimlərinin, gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbiri giriş nitqi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev açaraq Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranma tarixindən danışıb. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə təsis edildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində AXC-nin bayrağı qaldırılıb. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanıb. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik edən AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarındandır. Alim tədbirin Azərbaycan dövlət bayrağının müasir cəmiyyətdə yeri və rolu, onun mənəvi, siyasi, ideoloji əhəmiyyəti və dövlət rəmzlərinin gənc nəslin formalaşdırılmasında təbliğinə həsr olunduğunu qeyd edib.
Sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edərək bu əlamətdar günün əhəmiyyətindən danışıb. O, bu cür tədbirlərin gənclər arasında vətənpərvərlik hisslərinin və milli mənəvi dəyərlərin qorunmasında, eyni zamanda, tədris müəssisələrində dövlət rəmzlərinin təbliğində xüsusi rol oynadığını vurğulayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetinin “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etdiyini söyləyərək bildirib ki, bu bayraq milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Nazir müavini vurğulayıb ki, Azərbaycanın dövlət rəmzləri tədris materiallarında geniş əksini tapıb. Belə ki, təhsilin bütün pillələrində, o cümlədən orta ixtisas və ali təhsil müəssisələrində dövlət rəmzlərinin tədrisinə xüsusi diqqət verilir.
Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu gün gənclərimiz qürur mənbəyimiz olan dövlət bayrağını ən mötəbər tədbirlərdə yüksəklərə qaldıraraq Azərbaycan xalqının milli mənəviyyatını, sarsılmaz qüdrətini bir daha bütün dünyada nümayiş etdirirlər.
Seminarda “Bayrağımız, varlığımız, bəxtiyarımız”, “Dövlət bayrağı – müstəqil Azərbaycan dövlətinin əsas atributlarından biri kimi”, “Azərbaycan Səfəvi dövlətinin bayraqları haqqında”, “Azərbaycan xalqının siyasi iradəsinin ifadəsində dövlət bayrağının əhəmiyyəti”, “Dövlət bayrağının təbliğ olunmasında Dövlət Bayrağı Muzeyinin rolu” mövzularında məruzələr dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.