AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda rusiyalı tarixçi, politoloq, tərcüməçi, qafqazşünas, pedaqoq və publisist Oleq Kuznetsovun "XX əsrdə transmilli erməni terrorunun tarixi" adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə xarici ölkələrdən dəvət olunmuş qonaqlar, müvafiq dövlət qurumlarının əməkdaşları, ictimai-siyasi xadimlər və KİV nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva çıxış edərək O.Kuznetsovun Rusiyanın, Qafqazın və Şərqi Avropanın orta əsrlər dövrünün tarixi coğrafiyası üzrə mütəxəssis, həmçinin erməni terrorizminin ən fəal tədqiqatçılarından biri olduğunu bildirib. Qeyd edib ki, o, Cənubi Qafqazda cərəyan edən proseslərə, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hər zaman obyektiv mövqeyi ilə seçilib.
A.Mustafayeva rusiyalı alimin “XX əsrdə transmilli erməni terrorunun tarixi” adlı kitabında Dağlıq Qarabağ münaqişəsinin başlama səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri araşdırdığını vurğulayıb. Alim Oleq Kuznetsovun münaqişə ilə bağlı həqiqətlərin üzə çıxarılması, yayılması, Ermənistanın işğalçılıq siyasətinin və erməni terrorizminin təhlükəlilik dərəcəsinin əsaslandırılması istiqamətində xidmətlərinin böyük olduğunu söyləyib.
Daha sonra Oleq Kuznetsova beynəlxalq terrorizmlə, o cümlədən erməni terrorizmi ilə mübarizə sahəsində elmi tədqiqatların geniş miqyasda aparılmasına, separatçıların cinayətkar fəaliyyətlərini beynəlxalq hüquq və milli qanunvericilik kontekstində ifşa etməsinə görə institutun Fəxri professoru adı verilib.
Tədbirdə institutun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin müdiri, h.ü.f.d. Bəxtiyar Əliyev, Bakı Dövlət Universitetinin professoru İradə Hüseynova və digərləri çıxış edərək Oleq Kuznetsovun beynəlxalq arenada erməni terrorizminə qarşı aparılan informasiya müharibəsində verdiyi dəstəkdən, nəşrin ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən cinayətlərin dünya ictimaiyyətinə təqdim edilməsinin önəmindən danışıblar.
Sonda O.Kuznetsov çıxış edərək müəllifi olduğu kitabın təqdimatının Azərbaycanda keçirilməsinin önəminə toxunub və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.