Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.12.2017 11:48
  • A-
  • A
  • A+

"Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər" mövzusunda konfrans keçirilib

"Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər" mövzusunda konfrans keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə "Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər" mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

Tədbirdə AMEA-nın Qafqazşünaslıq, Fəlsəfə, İqtisadiyyat, Şərqşünaslıq, Tarix institutları, Bakı Dövlət, Azərbaycan Dillər, Bakı Slavyan, Sumqayıt Dövlət, Azərbaycan Turizm və Menecment, Bakı Avrasiya universitetləri, digər elm və təhsil müəssisələrindən 100-dən çox alim və tədqiqatçı iştirak edib.

Mərkəzi Elmi Kitabxanada təşkil olunan konfrans Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri açaraq giriş sözü ilə çıxış edib. Akademik konfransın mühüm ictimai və siyasi əhəmiyyətə malik olduğunu bildirib, iştirakçılara uğurlar arzulayıb. İsa Həbibbəyli Qafqazşünaslıq İnstitutunun fəaliyyətə başladığı qısa müddət ərzində xeyli uğurlu işlər həyata keçirməsinin, irəli sürdüyü problemlərə gənc tədqiqatçıların xüsusi maraq göstərməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova da çıxış edib. Akademik XVIII əsrdən başlayaraq kəskin geopolitik rəqabət meydanına çevrilən Qafqaz regionunun bu günə qədər dünyada gedən siyasi və iqtisadi proseslərin təsiri altında olduğunu bildirib: "Minilliklərlə Avropanı Asiya ilə birləşdirən Qafqaz regionu həm də xristian və islam sivilizasiyalarının qovuşduğu məkandır. Bu region vacib strateji platforma olaraq müasir dövrün ziddiyyətlərinin və sarsıntıların mərkəzinə çevrilib. Bunlardan regionda müxtəlif dövlətlərin geosiyasi, iqtisadi maraqlarını və müxtəlif etno-konfessional toqquşmaları göstərmək olar".

Sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı "Cənubi Qafqaz 100 il əvvəl və indi: müqayisəli təhlil" mövzusunda məruzə ilə çıxış edib. Natiq məruzəsində 1917-ci ildə Rusiya imperatorluğu dağıldıqdan sonra Qafqazda yaranmış ictimai-siyasi, iqtisadi və hərbi şəraiti 1991-ci ildə SSRİ dağıldıqdan sonra Qafqazda yaranmış müvafiq şəraitlə müqayisəli təhlil edib. Alim Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının, qanlı işğal siyasətinin mahiyyətini açıb. Məruzədə hər iki dövrdə Şimali Qafqazda yaranmış şəraitin ümumi təhlili verilib, beynəlxalq təşkilatların və böyük dövlətlərin region siyasəti, həyata keçirilən beynəlxalq layihələr, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qafqazdakı şəraitlə bağlı fikirləri təhlil edilib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

"Qafqaz ölkələri birinci və ikinci müstəqillik dövrlərində: müqayisəli-politoloji təhlil", "Qafqazda münaqişələr, ərazi işğalları və terror", "Qafqaz ölkələrində daxili ictimai-siyasi şərait", "Qafqaz dövlətlərinin xarici siyasəti və qarşılıqlı münasibətləri" adlı bölmə iclaslarında birinci və ikinci müstəqillik illərində Qafqaz ölkələrinin daxili ictimai-siyasi şəraiti, Qafqazda münaqişələr, ərazi iddiaları və işğalları, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi, erməni terroru, Qafqaz dövlətlərinin qarşılıqlı münasibətləri, xarici siyasəti, böyük dövlətlərin və beynəlxalq təşkilatların region siyasəti, erməni təşkilatlarının Gürcüstan, İran və Rusiya əleyhinə fəaliyyətləri və digər problemlərə həsr edilmiş məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: