Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2017 12:01
  • A-
  • A
  • A+

“İnformasiya təhlükəsizliyinin aktual problemləri” mövzusunda III respublika elmi-praktiki seminarı keçirildi

“İnformasiya təhlükəsizliyinin aktual problemləri” mövzusunda III respublika elmi-praktiki seminarı keçirildi

8 dekabr 2017-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya təhlükəsizliyinin aktual problemləri” mövzusunda III respublika elmi-praktiki seminarı keçirildi. Tədbiri giriş nitqi ilə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev açdı. Alim informasiya təhlükəsizliyi sahəsində mövcud problemlərin işıqlandırılması və ictimaiyyətin diqqətinin bu məsələlərə cəlb olunması baxımından seminarın böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. Bildirdi ki, Azərbaycanda informasiya cəmiyyəti və elektron dövlətin formalaşması, informasiya texnologiyalarının inkişafı, o cümlədən biliklər iqtisadiyyatının yeni mərhələyə qədəm qoyması ilə cəmiyyətdə informasiya təhlükəsizliyi komponenti daha da aktuallaşmışdır.

İnformasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyini vurğulayan akademik R.Əliquliyev ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlərə institutda da elmi dəstək verildiyini, informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli ilə bağlı araşdırmaların aparıldığını diqqətə çatdırdı. İnformasiya təhlükəsizliyinin təmin olunması problemlərinin elmi-nəzəri əsaslarının araşdırıldığını, bu sahədə dünya təcrübəsinin öyrənildiyini vurğuladı.

Sonra institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet elm kompüter şəbəkəsinin informasiya təhlükəsizliyi üzrə fəaliyyətinin əsas istiqamətləri” mövzusunda məruzəsini təqdim etdi. Alim AzScienceNet şəbəkəsinin infrastrukturu, AzScienceNet-dən istifadə siyasəti,şəbəkənin Data Mərkəzinin texniki imkanları haqqında məlumat verdi. AzScienceNet-in İnternetə qoşulma surətinin 1,41 Gbit/s, hesablama gücünün 17 Tflops, xarici yaddaş həcminin isə 400 Tbayt-a bərabər olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, AMEA-nın 40-a yaxın institut və təşkilatı ilə yanaşı, AR Təhsil Nazirliyinin 14 ali məktəbi AzScienceNet-in xidmətlərindən istifadə edir.

R.Ələkbərov, AMEA-nın elmi müəssisə və təşkilatlarının informasiya resurslarının yaradılması, idarə edilməsi və AzScienceNet-in Data Mərkəzində yerləşdirilməsinə dair tələblər, həmçinin informasiya təhlükəsizliyi üzrə fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsi üzrə fəaliyyət planını da diqqətə çatdırdı.

AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, professor Məsumə Məmmədova “Elektron tibdə Əşyaların İnterneti: imkanlar və risklər” adlı məruzə ilə çıxış etdi. Alim tibdə Əşyaların İnterneti və onun tətbiq sahələri, yüksək təhlükəyə malik obyektlərdə, dəniz neft platformasında Əşyaların İnterneti proqramları, gələcək tibdə Əşyaların İnterneti erası, “ağıllı” xəstəxana, smart geyim və digər texnologiyalar haqqında məlumat verdi.

“Big Data mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənməsi” adlı məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev böyük həcmli verilənlərdə anomaliyaların aşkarlanması üçün klasterləşməyə əsaslanan metodlar, DoS hücumların aşkarlanması üçün hibrid klassifikasiya metodları, sosial media mühitində milli təhlükəsizliyinə təhdidlərin aşkarlanması üçün təklif olunmuş metod və yanaşmalar haqqında məlumat verdi. Bildirdi ki, bu metodların digər məlum metodlarla müqayisəsi aparılmış, eksperimental nəticələr yeni yanaşma və metodların daha effektiv olduğunu göstərmişdir.

“Kibertəhlükəsizlik sahəsində kadr hazırlığı problemləri” mövzusunda məruzə ilə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev çıxış edərək kibertəhlükəsizliyin bütün ölkələr üçün prioritet məsələlərdən olduğunu bildirdi. Qeyd etdi ki, bu məsələnin həllində əsas elementlərdən biri də kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı, öz biliklərini real şəraitdə tətbiq edə və zamanın tələblərinə çevik cavab verə bilən mütəxəssislərin hazırlanmasıdır.

Məruzəçi bir sıra ölkələrin qabaqcıl universitetlərinin kompüter elmləri sahəsində proqramlarının analiz edildiyini qeyd edərək ali məktəblərdə kibertəhlükəsizlik üzrə fənlərin tədrisi ilə bağlı problemlərin olduğunu vurğuladı. Həmçinin bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların daha da intensivləşdirilməsi, əlaqədar qurumlar arasında kooordinasiyanın gücləndirilməsi və s. ilə bağlı bir sıra təkliflər səsləndirdi.

Sonra tədbir “İnformasiya təhlükəsizliyinin aktual problemləri” və “Big data mühitində informasiya təhlükəsizliyi” istiqamətində seksiya iclasları ilə davam etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: