AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) müasir Macarıstanın banisi, Macarıstan Elmlər Akademiyasının yaradıcısı, iqtisadçı, yazıçı, siyasət nəzəriyyəçisi İştvan Seçeniyə həsr olunan tədbir keçirilib.
MEK-in və Macarıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova iki ölkə arasındakı münasibətlərdən söz açıb, dövlətlər arasında əməkdaşlığa dair 23 sənədin imzalandığını bildirib. O, MEK-in təşkilatçılığı ilə 2016-cı ildən etibarən Macarıstanla bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Türkoloji Qurultayın 90 illiyi, Georq Hazai və Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş konfranslar, sərgilər, elektron kataloqların mübadiləsi, İmra Madaçın “İnsanın faciəsi” əsərinin və eyniadlı animasiya filminin subtitrlərinin macarcadan Azərbaycan dilinə tərcüməsi bu qəbildəndir.
Sonra Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi çıxış edərək iki ölkə arasındakı əlaqələrin inkişafı istiqamətində görülən işlərdən söhbət açıb, İştvan Seçeni ilə Hacı Zeynalabdin Tağıyevin oxşar cəhətlərindən danışıb.
Daha sonra Macarıstan Elmlər Akademiyasının professoru Zoltan Fonagyin “Müasir Macarıstanın banisi İştvan Seçeni” mövzusunda məruzəsi dinlənilib. O, İ.Seçeninin ölkəsi üçün gördüyü işlərdən danışaraq, Macarıstanın qurulmasında böyük rolu olduğunu söyləyib.
Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək səfirliyin siyasi, mədəni, elm və təhsil istiqamətində gördüyü işlərdən bəhs edib. O, macar türkoloq-alimi Georq Hazainin şəxsi kitabxanasının türkologiyaya aid qisminin MEK-ə gətirilməsi istiqamətində səfirliyin təşəbbüsünü xatırladıb. V.Quliyev, həmçinin Azərbaycana dair önəmli məlumatların macar dilinə tərcümə olunduğunu diqqətə çatdırıb.
Sonda qonaqlar MEK-in akademiklər zalındakı diplomatik fondda olublar. Professor Zoltan Fonagy fondda Macarıstan səfirliyi üçün ayrılmış guşəyə kitablar hədiyyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.