Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.12.2017 09:45
  • A-
  • A
  • A+

AMEA-da Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr edilən konfrans keçirilib

AMEA-da Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr edilən konfrans keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) və “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Türk dünyasının qüdrətli qılınc və qələmi” adlı konfrans keçirilib.

Tədbir Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin və Türkiyənin dövlət və hərbi xadimi Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunub.

Konfransda MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edərək rəhbərlik etdiyi qurumun türkologiyaya həsr olunmuş bir sıra elmi layihələrin və təşəbbüslərin müəllifi və icraçısı olduğunu bildirib. Qeyd edib ki, Atatürkün yaxın silahdaşlarından biri, Naxçıvanın erməni işğalından azad edilməsində mühüm rol oynamış Türk Ordusunun Şərq Cəbhəsinin komandanı və Hüseyn Cavidin dostu Kazım Qarabəkir Paşanın xatirəsinin MEK-də anılması iki ölkə arasında qardaşlıq münasibətlərini təcəssüm etdirir.

L.İmanova, həmçinin Hüseyn Cavid və Kazım Qarabəkirə dair unikal materialların MEK-in Milli Rəqəmsal Yaddaş Bazasında mühafizə edildiyini də söyləyib.

Sonra “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərova, Mədəniyyət və Turizm Nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özaral, “Kazım Qarabəkir Vəqfi”nin rəhbəri, Kazım Qarabəkirin qızı Timsal Qarabəkir və digərləri çıxış edərək hər iki mütəffəkkirin xidmətlərindən və türk dünyasındakı rollarından danışıblar.

Konfransda AMEA-nın müxbir üzvü Əyyub Quliyevin “Kosmik obyekt Huseyn Cavid – Huseyn Cavid planet”, professor Tahirə Məmmədin “Məslək qardaşları – Hüseyn Cavid Əfəndi və Kazım Qarabəkir Paşa”, professor Zümrüd Dadaşzadənin “Hüseyn Cavidin bəstəkar oğlu Ərtoğrul Cavid” və digər mövzularda məruzələri dinlənilib.

Sonra Azərbaycanın tanınmış xalçaçı rəssamı Afaq Kərimova müəllifi olduğu “Əbədiyyət” və “Heydər Əliyev və Hüseyn Cavid” xalçalarını, eləcə də “Planet” plakatı və  “Alın yazısı” batikasını təqdim edib.

Konfrans çərçivəsində Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyli Ərtoğrul Cavidin piano üçün variasiyalarını, AZTV-nin solisti, vokalist Aynur İsgəndərli və ADMİU-nun müəllimi, fortepiano ifaçısı Sevda Axundova “Çırpınırdı Qara dəniz”, “Eşq olsun” bəstələrini, həmçinin Kazım Qarabəkirin “İstiqlal” marşını səsləndiriblər. Hüseyn Cavidin “Şeyx  Sənan” dram əsərindən “Kor ərəbin mahnısı” parçasını isə əməkdar artist Eyyub Yaqubov ifa edib.

Sonda Hüseyn Cavidin ailəsi adından AMEA-nın müxbir üzvü Məsumə Məmmədova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: