Dekabrın 19-da AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) və Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) birgə iclası keçirilib.
RSXM-də baş tutan iclasda YEB-in akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
Sonra RSXM-in direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik etdiyi qurumun 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatla çıxış edib.
Alim hesabat dövründə RSXM-də aparılan elmi tədqiqatların seysmoloji, maqnitometriya, qravimetrik, geodinamik və geokimyəvi istiqamətləri əhatə etdiyini söyləyib. Bildirib ki, cari ildə respublika ərazisinin seysmik rejimi, zəlzələ episentlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası araşdırılıb, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilib və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilib. Q.Yetirmişli, həmçinin seysmogen zonaların gərginlik vəziyyəti və geodinamik proseslərin geofiziki və geokimyəvi metodlarla qiymətləndirildiyini, maqnitudası 4,0 olan zəlzələlərdən öncə anomal xəbərverici effektlərin aşkarlandığını diqqətə çatdırıb.
Məruzəçi 2016-cı ilə nisbətən 2017-ci ildə ölkə ərazisində zəlzələlərin sayının azaldığını, ayrılan seysmik enerjinin miqdarının isə artdığını deyib. O, 2017-ci ildə 35 rəqəmsal stansiyaların məlumatları əsasında tədqiqatların aparıldığını, hesabat dövründə 8934 yeraltı təkanın qeydə alındığını söyləyib. Direktor qeydə alınan zəlzələlərin 3642-sinin yerli, 2087-sinin yaxın və 3205-nin uzaq zəlzələlər olduğunu deyib. Q.Yetirmişli hesabat dövründə ən güclü zəlzələnin 15 noyabr saat 23:48:02-də Ağdam ərazisində maqnitudası 5,7 balla baş verdiyini bildirib.
Alim, həmçinin son illər Kür ovalığının cənub hissəsinin seysmik cəhətdən aktivləşdiyini, zəlzələlərin Kiçik Qafqaz və Kür ovalığının toqquşması və sıxılması nəticəsində baş verdiyini deyib: "2017-ci ildə 2016-cı ilə nisbətən Şimal-Qərb bölgəsində, Şamaxı-İsmayıllı zonasında, Naxçıvanla həmsərhəd ərazilərdə, Zəngəzur silsiləsində və Xəzər dənizində seysmik aktivlik fon səviyyəsindən aşağı, Kiçik Qafqazda fon səviyyəsində, Talış zonasında isə fon səviyyəsindən yüksək olub".
Q.Yetirmişli 2017-ci ildə Otmanbozdağ, Şəkixan, Lökbatan və Keyrəki palçıq vulkanlarında püskürmənin qeydə alındığını vurğulayıb.
O, həmçinin 2017-cı ildə RSXM-nin əməkdaşlarının 12 elmi məqaləsinin (o cümlədən 9-u xaricdə), 8 tezisinin elmi jurnallarda, o cümlədən 2 impakt faktorlu jurnallarda dərc olunduğunu, elmi işçilərin əsərlərinə “Google Akademiya”da 39 istinadın edildiyini söyləyib.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.