Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.01.2018 14:51
  • A-
  • A
  • A+

AMEA-nın Yer Elmləri Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

AMEA-nın Yer Elmləri Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib

Yanvarın 24-də Geologiya və Geofizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə Yer Elmləri Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edib. Akademik bildirib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA rəhbərinin sərancamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb. F.Qədirov bölmə üzrə 14 problemi əhatə edən 41 mövzu üzrə tədqiqatlar aparıldığını, bir mövzunun tamamlandığını, həmçinin elmi müəssisələrin əməkdaşları tərəfindən bir sıra multidissiplinar elmi-tədqiqat proqramlarının icra olunduğunu söyləyib. Məruzəçi vurğulayıb ki, bölmə müəssisələrində altı, kənar elmi-tədqiqat, təhsil və sahə müəssisələrində isə üç mühüm nəticə əldə edilib. Eyni zamanda beş təsərrüfat müqaviləsi üzrə işin tamamlandığını, bir müqavilə üzrə isə işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Bölmənin nəşriyyatçılıq fəaliyyətindən danışan akademik bildirib ki, hesabat ilində 43-ü xaricdə olmaqla 100 tezis işıq üzü görüb. 125-i xaricdə olmaqla 299 məqalə, 8-i monoqrafiya olmaqla 16 kitab çap olunub. İmpakt faktorlu  jurnallarda 60 məqalə dərc olunub. "Geosciences of Azerbaijan: Volume II: Economic Geology and Applied Geophysics" kitabı "Springer" nəşriyyatında çap olunub. Bundan başqa, Azərbaycanın landşaft xəritəsi və ümumtəhsil məktəblərinin 6-11 sinifləri üçün coğrafiya fənni üzrə bir atlas çap olunub.

Bir qrup alim tərəfindən faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə etməklə gübrə əldə olunması üçün yeni texnoloji üsul üzərində tədqiqatların aparıldığını deyən F.Qədirov əldə olunan nəticənin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübədən keçirildiyini, yaxın vaxtlarda AMEA Yüksək Texnologiyalar Parkında test ediləcəyini vurğulayıb.

Alim qeyd edib ki, hesabat ilində bölmə əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan, Azərbaycan Dövlət Neft Şirkətinin Elm Fondundan, "Azərkosmos" ASC-dən, Ukrayna Elmi-Texnologiya Mərkəzindən, YUNESCO proqramı çərçivəsində bir sıra qrant alıblar.

Ötən il elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən danışan akademik qeyd edib ki, Geologiya və Geofizika İnstitutunda yaradılmış ali məktəblərin baza kafedraları fəaliyyətlərini uğurla davam etdiriblər. Diqqətə çatdırıb ki, həmin institutda BDU-nun Geologiya fakültəsinin tələbələri üçün təşkil edilmiş "Açıq qapı" günü çərçivəsində gənclər elmi müəssisə ilə yaxından tanış olublar. Həmçinin BDU-nun bakalavr və magistrantları, SABAH qruplarının tələbələri nəzərdə tutulmuş proqramlar çərçivəsində bölmə müəssisələrində təcrübə keçiblər.

Məruzəçi bölmənin beynəlxalq əlaqələrindən danışaraq bildirib ki, İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının yer elmləri üzrə vitse-prezidenti, professor Zvi Ben-Avrahamın AMEA-ya səfəri zamanı əlaqələrin genişləndirilməsi, qarşılıqlı ezamiyyətlərin təşkili və İsrail universitetlərində magistrantların təhsil almaları istiqamətində razılıq əldə edilib.

F.Qədirov elmi müəssisələrin İngiltərənin Lids Universiteti, Fransanın Elmi Tədqiqatlar üzrə Milli Mərkəzi (CNRS-İNSU) və Tuluza Universiteti, Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universiteti, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Türkiyənin Dəniz Elmləri və Texnologiya İnstitutu, Dokuz Eylül Universiteti, Qazaxıstanın Manqıstau Humanitar-Texniki Universiteti, "Chevron", "Mitsubishi Corporation" və BP şirkətləri, eləcə də Xəzəryanı ölkələrin elmi tədqiqat təşkilatları ilə əməkdaşlığı davam etdirdiyini diqqətə çatdırıb. Alim vurğulayıb ki, ötən il bölmənin elmi müəssisələrində "Yer səthinin müasir geodinamikası və geoloji təhlükələr", "Zəlzələnin məkan-zaman təhlili və təhlükə", "Seysmotomoqrafiya" və "Azərbaycan-Rusiya elmi-tədqiqat laboratoriyası" beynəlxalq tədqiqat laboratoriyaları fəaliyyət göstərib.

Bölmənin akademik-katibi hesabat ilində bir neçə alimin dövlət və beynəlxalq mükafatlara layiq görüldüyünü söyləyib: "Ölkə başçısının Sərəncamına əsasən akademik Xoşbəxt Yusifzadə 1-ci dərəcəli "Əmək" ordeni, akademik Əkpər Feyzullayev 3-cü dərəcəli "Əmək" ordeni, AMEA-nın müxbir üzvləri Qalib ƏfəndiyevDadaş Hüseynov isə "Tərəqqi" medalına layiq görülüblər. AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev Azərbaycan Respublikasının "Şöhrət" ordeni, Rusiya Təbiət Elmləri Akademiyasının "На благо Отечества" ("Vətənin rifahı naminə") fəxri medalı və Beynəlxalq Ekologiya üzrə EcoWorld mükafatının "За спасение жизни на Земле" ("Yer üzündə həyatın qorunmasına görə") ordeni ilə təltif olunub.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, hesabat ətrafında akademiklər - Hətəm Quliyev, Pərviz Məmmədov, Arif İsmayılzadə, Ramiz Məmmədov, Əkpər Feyzullayev, Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Misir Mərdanov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Sonda hesabatın təsdiqi və AMEA-nın illik hesabatına əlavə edilməsinə dair qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: