Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.02.2018 16:07
  • A-
  • A
  • A+

Ana dili hər bir xalqın həyatında müstəsna rola malikdir

Ana dili hər bir xalqın həyatında müstəsna rola malikdir

Bu gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli ana dilinin hər bir xalqın həyatındakı müstəsna rolundan söz açıb. O, ölkəmizdə və AMEA-da dilimizin inkişafı, qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət proqramlarından, layihə və tədbirlərdən danışıb. Bildirib ki, ölkəmizdə ana dilimizin hərtərəfli inkişafı, onun saflığının qorunması, işlək dilə çevrilməsi və beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Ana dilimizin yad təsirlərdən qorunmasının vacibliyini vurğulayan akademik İ.Həbibbəyli dövlət-dil siyasətindən danışıb. O, Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq Sərəncamının əhəmiyyətini qeyd edib, ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Sonra Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək 21 fevral - Beynəlxalq Ana Dili Gününün tarixindən danışıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğu bildirib. Məlumat verilib ki, Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd olunur. Alim bu günədək fars, ərəb və Avropa dillərinin Azərbaycan dilinə güclü təsir etdiyini, rus dilindən istifadəyə isə məişət səviyyəsində rast gəlindiyini vurğulayıb.

Dilçilik İnstitutunda dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açan M.Nağısoylu ana dilinin saflığını qorumağın, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etməyin, həmçinin dili yad ünsürlərdən təmizləməyin hazırda bu elm müəssisəsinin başlıca vəzifəsi olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 saylı tam orta məktəbin direktoru Pənah Babayev bildirib ki, dilimizin şagirdlərə sevdirilməsində, yüksək səviyyədə təbliğində təhsil ocaqları əvəzsiz rol oynayır. Hər bir şagird ana dilinin müqəddəsliyini, onu qorumağın vacibliyini kiçik yaşlarından bilməlidir. Ona görə də təhsil ocaqlarında hər il ana dili ilə bağlı silsilə tədbirlər keçirilir.

Sonda Abşeron rayonu Mehdiabad qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdləri ana dilinə həsr olunmuş şeirləri bədii qiraət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: