Fevralın 22-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Xurşidbanu Natəvandan Pərvin Etisamiyədək” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbiri giriş sözü ilkə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli İran ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin qurulduğunu və inkişaf etdiyini söyləyib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələrin hazırda elm, mədəniyyət sahələrində uğurla davam etdirildiyi bildirilib. Qeyd edib ki, hazırda AMEA İranın müvafiq elmi tədqiqat müəssisələri, ali məktəbləri ilə əlaqələrini genişləndirir.
Akademik İ.Həbibbəyli Ədəbiyyat İnstitutu ilə Təbriz Universiteti arasında imzalanan protokola əsasən iki qurumun birgə təşkilatçılığı ilə İranda və Azərbaycanda görkəmli sənətkarların yubileylərinin, onların həyat və fəaliyyətlərinə dair elmi konfransların keçirildiyini diqqətə çatdırıb.
Tədbirin hər ki şairin yaradıcılığına həsr olunduğunu deyən AMEA-nın vitse-prezidenti X.Natəvanın Azərbaycanın XIX əsrdə yaşayıb-yaratmış qadın şairlərindən biri olduğunu və Qarabağın həyatında mühüm rol oynamış ictimai xadim, xeyriyyəçi kimi də tanındığını bildirib. Qeyd edib ki, X.Natəvanın qədim Qarabağın inkişafında da bir sıra xidmətləri olub. O, 1872-ci ildə İsa bulağından Şuşa qalasına su xətti çəkdirib. Cəmi 35 il ömür sürmüş P.Etisami isə İranda tanınmış və böyük şöhrət qazanmış sənətkardır. Onun yaradıcılıq tərzi insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilir.
İ.Həbibbəyli bugünkü konfransın hər iki sənətkarın həyat və yaradıcılığının qarşılıqlı şəkildə öyrənilməsinə, tədqiqinə və bu istiqamətdə birgə əməkdaşlığa töhfə verəcəyinə əminliyini vurğulayıb.
Sonra çıxış edən İranın İslami və Mədəni Əlaqələr Təşkilatının sədri, doktor Abuzər İbrahimi Türkmən Azərbaycanın mədəniyyətinin çox zəngin olduğunu və dünya ədəbiyyatına görkəmli şəxsiyyətlər bəxş etdiyini söyləyib. Özünəməxsus yaradıcılığı ilə seçilən Natəvanın Azərbaycan ədəbiyyatında dərin iz buraxdığını söyləyən Abuzər İbrahimi Türkmən şairin yaradıcılığından nümunələr səsləndirib. O, İranın və Azərbaycanın görkəmli sənətkarlarına həsr olunan konfransın ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında böyük rol oynayacağına əminliyini bildirib.
İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi hər iki sənətkarın yaradıcılığını təhlil edib, onların oxşar və fərqli cəhətlərini nümunələrlə diqqətə çatdırıb.
Konfrans məruzələrlə davam etdirilib. Məruzələrdə X.Natəvanın və P.Etisaminin yaradıcılığından söz açılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.