Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.
Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri, həmçinin hərbiləşdirilməmiş MM qüvvələrinin sanitar və kəşfiyyat manqalarının komandirləri iştirak edib.
Seminarı şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətə çatdırıb. Bildirib ki, tədbirdə Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyevanın "Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi" mövzusunda elmi məruzəsi dinləniləcək.
Azərbaycanda radiasiya təhlükəsizliyi problemlərindən bəhs edən E.Quliyev vurğulayıb ki, ölkəmizin müharibə şəraitində yaşaması ilə əlaqədar vətəndaşlarımızın bu sahədə məlumatlandırılması, həmçinin ehtiyat tədbirləri görmək və baş verəcək təhlükənin təsirlərinin qarşısını almaq mühüm məsələdir. O, radiasiya təhlükəsizliyinin həm də gələcək nəsillərin sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, Çernobıl faciəsinin insanlarda və onların törəmələrində yaratdığı fəsadların bunun bariz nümunəsi olduğunu deyib.
Daha sonra R.Mehdiyeva məruzəsini təqdim edib. Alimin sözlərinə görə, hazırda dünya dövlətləri enerji çatışmazlığı problemi ilə üz-üzə qaldığından alternativ enerji mənbələrinin aşkarlanması, istismara verilməsi istiqamətində böyük işlər görülür. O, nüvə enerjisinin alternativ enerji mənbəyi kimi geniş istifadə imkanlarına malik olduğunu, hazırda dünyada hasil olunan enerji ehtiyatlarının 40%-dən çoxunun atom elektrik stansiyalarının (AES) payına düşdüyünü deyib. R.Mehdiyeva bu gün dünyada atom elektrik stansiyasına malik 31 ölkənin olduğunu, Ermənistan da daxil 11 ölkənin yeni AES inşa etməyi düşündüyünü bildirib.
Ölkəmizin radiasiya təhlükəsizliyindən danışan natiq qeyd edib ki, 1991-ci ildə SSRİ-nin dağılması ilə Cənubi Qafqaz regionu yenidən dünya dövlətlərinin maraqları sisteminə daxil olub. Alim regionun həm enerji mənbəyi, həm də Xəzərin enerji resurslarının Avropaya nəqlində əlverişli geosiyasi mövqeyinə görə xüsusi dəyərə malik olduğunu söyləyib: "Xəzərin və Qara dənizin Rusiya, İran və Türkiyə arasında yerləşməsi Cənubi Qafqaz regionunu Şərq-Qərb və Şimal-Cənub dəhlizinə çevirir ki, bu da Cənubi Qafqazın necə mühüm mövqeyə malik olduğunu göstərir. Cənubi Qafqaz bu maraqların toqquşduğu region olduğundan buranın nüvə təhlükəsizliyi məsələsinə çox ciddi yanaşılmalıdır".
Qonşuluğumuzda nüvə texnologiyalarına malik ölkələrin yerləşdiyini xatırladan alim Azərbaycanın nəticədə daxili nüvə və radiasiya təhlükəsi faktorlarının təsirinə məruz qalma ehtimalı olduğunu bildirib.
R.Mehdiyeva Xəzər-Qara dəniz və Cənubi Qafqazın regional təhlükəsizliyində keçmiş SSRİ-nin 2-ci ən böyük nüvə ölkəsi olan Ukraynanın əhəmiyyətli rol oynadığını, lakin Rusiya ilə gərgin münasibətlər nəticəsində ölkənin iqtisadiyyatına böyük zərbə dəydiyini deyib. O, nəticədə Ukraynanın nüvə obyektlərinin və texnologiyalarının fiziki mühafizəsinin zəiflədiyini, nüvə materiallarının qanunsuz dövriyyəsinə görə, Cənubi Qafqazın nüvə təhlükəsi ilə üzləşə biləcəyini vurğulayıb.
Alim, həmçinin regionun nüvə təhlükəsizliyində İranın xüsusi rol oynadığını, ABŞ-ın dəstəyi ilə 1957-ci ildə nüvə enerjisindən dinc məqsədlərlə istifadəyə başladığını bildirib. 2012-ci ildə Buşer AES-in İranın elektrik enerji şəbəkəsinə qoşulduğunu xatırladan məruzəçi cənub qonşumuzun bu istiqamətdə tədqiqatlarını inişaf etdirdiyini vurğulayıb.
Gürcüstan barədə də danışan R.Mehdiyeva bu ölkədə 1960-1980-ci illərdə Mçxetdə 6 hektar ərazidə böyük kompleksin inşa edildiyini söyləyib: "Gürcüstanda milli dirçəliş hərəkatının başlanması ilə 1990-cı ildə reaktorun fəaliyyətinin dayandırılması və istismardan çıxarılması haqda qərar verilib. Demontaj üçün böyük vəsait tələb olunduğundan nəticədə reaktor betonlaşdırılıb".
Alim, həmçinin digər qonşumuz Rusiyanın çox güclü nüvə ölkəsi olduğunu, nüvə materiaları və nüvə qurğularının istehsalının, o cümlədən sınaqlarının həmsərhəd dövlətlərin nüvə təhlükəsizliyinə təsirsiz qalmadığını deyib.
R.Mehdiyeva hazırda region üçün ən böyük nüvə təhlükəsinin 9,5 ballıq seysmik zonada yerləşən Ermənistana məxsus Metsamor AES olduğunu deyib. Bildirib ki, bu gün Avropa İttifaqı Metsamor AES-in təhlükəsizlik kriteriyalarına cavab vermədiyindən bağlanmasını tələb edir. Alim Metsamorda baş verəcək istənilən qəzanın qonşu dövlətlərin, o cümlədən Azərbaycanın torpaq, su və havasının radioaktiv çirklənməsinə gətirib çıxarağını vurğulayıb: "Ermənistanın ərazisi bütünlüklə Kür-Araz hövzəsində yerləşdiyindən istənilən tullantı müəyyən vaxtdan sonra Kür-Araz çayları vasitəsi ilə Xəzər dənizinə daşınır ki, bu da böyük əraziləri əhatə edən ətraf mühitin radioaktiv tullantılarla çirklənməsinə gətirir".
R.Mehdiyeva erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızın nəzarətdən uzaq olmasının bu ərazilərin radioaktiv tullantıların saxlanılması məqsədilə istifadə edilə biləcəyini söyləyib.
Alim son illərdə ölkə başçılarının iştirakı ilə Vaşinqton, Seul və Haaqa sammitlərinin keçirildiyini, dünyada nüvə energetik sistemlərinin, nüvə və radioaktiv materialların istifadə və saxlanılmasının təhlükəsizliyinin artırılması, nüvə terrorizminin qarşısının alınması üçün beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsi barədə qərarların qəbul olunduğunu deyib.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırılıb.
Daha sonra mart ayında keçirilmiş Rəhbər Heyətin MM məşqləri haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.
Sonda bir sıra cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.