Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.04.2018 11:46
  • A-
  • A
  • A+

“Kimyanın davamlı inkişafda rolu” mövzusunda seminar keçirilib

“Kimyanın davamlı inkişafda rolu” mövzusunda seminar keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Kimyanın davamlı inkişafda rolu” mövzusunda Azərbaycan-İtaliya beynəlxalq elmi seminarı keçirilib.   

Tədbir AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (KQKİ) və İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Seminarı akademiyanın vitse-prezidenti, KQKİ-nin direktoru, akademik Dilqəm Tağıyev açaraq tədbirin AMEA və İtaliyanın müvafiq elmi müəssisələri arasında kimya sahəsində əlaqələrin gücləndirilməsi baxımından önəmli olduğunu bildirib. O, seminarın əlamətdar zamanda baş tutduğunu və hazırda bütün dünyada İtaliya Tədqiqatlar Gününün qeyd edildiyini söyləyib.

D.Tağıyev bu gün iki ölkənin siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu və 2017-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin 4 milyard avroya yüksəldiyini bildirib.

Alim, həmçinin müğənni Bülbülün İtaliyanın ən ali ordenlərindən biri olan “Haribaldi Ulduzu” ilə mükafatlandırıldığını xatırladıb, Müslüm Maqomayev, Şövkət Ələkbərova və digər unudulmaz sənətkarlara hər zaman bu ölkədə yüksək diqqət göstərildiyini deyib.

Akademik son illərdə iki ölkə arasında elmi əlaqələrin də gücləndiyini, AMEA ilə İtaliya Milli Tədqiqatlar Şurası arasında əməkdaşlıq sazişinin imzalandığını, birgə tədqiqat proqramlarının elan edildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari hər iki ölkənin elmi mərkəzləri arasındakı əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən kimya sahəsində inkişaf etdirilməsinin önəmini vurğulayıb.

A.Massari bu gün dünyada "beyin axını"nın gücləndiyini, lakin İtaliyada bunun qarşısının nisbətən alındığını söyləyib. O, eyni zamanda "beyin axını" anlayışının neqativ fenomen olmadığını və məşhur italiyalı səyyah Xristofor Kolumbun öz ölkəsini tərk etdikdən sonra başda Amerika olmaqla, bir çox yerləri kəşf etdiyini bildirib.

Səfir hazırda AMEA ilə İtaliyanın elmi müəssisələri arasında 5 istiqamətdə birgə elmi tədqiqat işlərinin aparılması barədə Rəyasət Heyəti aparatı Beynəlxalq əlaqələr idarəsinə yeni təklif verdiklərini diqqətə çatdırıb.

Daha sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı “Topoloji izolyator materiallarının dizaynının kimyəvi aspektləri” mövzusunda məruzə ilə çıxış edib. M.Babanlı bildirib ki, Azərbaycanda topoloji izolyator materialları sahəsində sistemli tədqiqatlar 2011-ci ildən aparılır. O, bu müddət ərzində Avropa Birliyinin və Yaponiyanın topoloji izolyatorların nəzəri və təcrübi tədqiqi ilə məşğul olan aparıcı elmi mərkəzləri ilə geniş beynəlxalq əlaqələrin qurulduğunu söyləyib. M.Babanlı hazırda İtaliyanın bir sıra elmi müəssisələri ilə birgə tədqiqatların aparıldığını və onların nəticələrinin "Web of Science" platformasına daxil olan yüksək impakt faktorlu jurnallarda çap edildiyini deyib.

Seminarda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru, professor Nizami Zeynalov “Polimer nanogellər – dərman maddələrinin immobilizasiyasında daşıyıcı kimi” mövzusunda məruzəsini diqqətə çatdırıb. Professor vurğulayıb ki, son illər nanogellərin sintezi və onların iştirakı ilə dərman preparatlarının uzun müddətli təsirə malik olmaları tədqiqatçıların diqqət mərkəzindədir. Alim bu sahədə polimerlərdən istifadənin dərman preparatlarının lazımi orqanlara çatdırılmasında mühüm rol oynadığını bildirib.

Tədbirin davamında İtaliyanın “Kinetics Technology” şirkətinin innovasiya strategiyası üzrə vitse-prezidenti Qaetano İaquaniellonun “İnkişafın davamlılığının və tərəqqinin təmin olunmasında kimya və kimya mühəndisliyinin rolu nədir?” və Roma Tor Verqata Universitetinin professoru Massimiliano Barlettanın “Bioplastik materialların təkmilləşdirilməsi və onların emalı” mövzularında məruzələri dinlənilib.

Seminarda, həmçinin dünyanın aparıcı elmi təşkilatları ilə beynəlxalq əməkdaşlıq perspektivlərindən danışılıb, qarşılıqlı münasibətlərin inkişafı və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarından bəhs olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: