Aprelin 18-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademik Əjdər Məcidov və AMEA-nın müxbir üzvü Qərib Calalova 80 illik, AMEA-nın müxbir üzvü İlham Şahmuradova 60 illik yubileyləri münasibəti ilə AMEA-nın fəxri fərmanını təqdim edib. Akademik Akif Əlizadə AMEA-nın müxbir üzvü Misir Mərdanov və professor Ramiz Aslanova isə “AMEA Rəyasət Heyətinin mükafatı” diplomunu təqdim edib.
Tədbirdə müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-da elmi jurnalların nəşrinin təkmilləşdirilməsi ilə bağlı olub. Akademik Akif Əlizadə bildirib ki, AMEA-da nəşr olunan jurnalların keyfiyyətinin və səviyyəsinin daha da yaxşılaşdırılması, onların müasir tələblərə uyğun tərtibatı, beynəlxalq elmi bazalara çıxışı və beynəlxalq indekslərdə tanıdılması həlli vacib olan məsələlərdəndir. Bu məqsədlə Rəyasət Heyəti AMEA-nın Elmi nəşriyyat şurasına elmi jurnalların nəşrinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanıb təqdim edilməsi ilə bağlı tapşırıq verib.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın beynəlxalq elmi bazalarda bibliometrik göstəricilərinin analitik təhlilinin nəticələri haqqında olub. Məsələ ilə bağlı çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Elmi-analitik şöbəsinin müdiri Fail Kazımov son illər ölkəmizin elmi reytinqinin həm regional, həm də dünya səviyyəsində artırılması üçün akademiya tərəfindən mühüm tədbirlərin həyata keçirildiyini deyib. O, beynəlxalq elmi bazalarla əməkdaşlığın genişləndirilməsi istiqamətində AMEA-nın “Clarivate Analytics” təşkilatı ilə əlaqələrindən söz açıb.
Hər iki təşkilat arasında imzalanmış sazişə əsasən AMEA-nın bütün elmi müəssisələrindən alimlərin “Web of Science” bazasından istifadə etmək imkanı əldə etdiyini qeyd edib. Hazırda bu bazada AMEA-nın və onun 21 elmi müəssisəsinin vahid profilinin olduğunu deyən F.Kazımov bu profillər vasitəsilə AMEA əməkdaşlarının və elmi müəssisələrinin nəşr aktivliyi, h-indeksi və istinad göstəricilərininin asanlıqla müəyyən edildiyini bildirib.
Müzakirədən sonra Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsi tərəfindən hazırlanan AMEA-nın beynəlxalq elmi bazalarda bibliometrik göstəricilərinin analitik təhlilinin nəticələri haqqında hesabatı nəzərə alınıb. Bibliometrik göstəricilərin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, bu göstəricilərin müntəzəm təhlil olunmasına dair tapşırıqlar verilib.
Rəyasət Heyəti tanınmış elm xadimi, mərhum akademik Mahmud Kərimovun 70 illik yubileyi münasibəti ilə beynəlxalq elmi konfransın keçirilməsini də qərara alıb.
Sonra fiziki və riyazi modelləşdirmə üçün Milli Grid infrastrukturunun inkişafı haqqında məsələ müzakirə olunub. Bununla bağlı çıxış edən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov Azərbaycanda ilk dəfə olaraq “Milli GRİD” İnformasiya və Hesablama Mərkəzinin (“Milli GRİD”İHM) 2008-ci ildə yaradıldığını xatırladıb. Bildirib ki, bu istiqamətdə sıx elmi əməkdaşlıq əlaqələri quran AMEA-nın Fizika İnstitutu uzun illərdir CERN və BNTİ ilə birgə elmi-tədqiqat işləri aparır. Alim “Milli GRİD”İHM-in ölkəmizin elm və tədris müəssisələri tərəfindən geniş istifadə edildiyini diqqətə çatdırıb. Akademik təcrübü və nəzəri tədqiqatların riyazi modelləşdirilməsi və hesablama resurslarına olan tələbatın artmasını nəzərə alaraq, Fizika və İnformasiya Texnologiyaları institutlarının mütəxəssisləri tərəfindən Fizika İnstitutundakı 1-ci Milli GRİD seqmentinin təkmilləşdirilməsi və İnformasiya Texnologiyaları İnstitutunda 2-ci Milli GRİD seqmentinin yaradılmasının nəzərdə tutulduğunu deyib. Alim onu da əlavə edib ki, AMEA-da GRİD infrastrukturunun inkişaf etdirilməsi dünya informasiya texnologiyalarının inkişaf tendensiyasına tam uyğundur və adekvat informasiya-hesablama resurslarının mövcudluğunu tələb edən elmi fəaliyyət sahələrinin ehtiyaclarını ödəyə bilər.
İclasda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin vəsatətini nəzərə alaraq, Rəyasət Heyəti Fizika İnstitutunun və İnformasiya Texnologiyaları İnstitutunun “Fiziki və riyazi modelləşdirmə üçün milli GRİD infrastrukturunun inkişafı” Proqramını təsdiq edib. Bu istiqamətdə təşkilati məsələlərin həlli məqsədilə tapşırıq verib.
Sonda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması haqqında qərar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.