AMEA Coğrafiya İnstitutunun əməkdaşı, fizika-riyaziyyat üzrə elmlər doktoru Rauf Qardaşovun “Geostasionar peykdən müşahidə zamanı Günəş parıltısı yerinin təyini” adlı kitabı çapdan çıxıb.
Monoqrafiyada Yerin məsafədən zondlama problemlərinin həlli üçün Günəşin və peykin mövqeyindən asılı olaraq okean və ya dəniz üzərində Günəş parıltılarının əhatə etdiyi coğrafi koordinatları, forması, ölçüləri və bu bölgə içərisində parlaqlığın təyin olunması problemlərinin həlli göstərilir. Müəllif tərəfindən işlənmiş metod və peyk təsvirlərində parıltıların deşifrə olunması, onun tətbiqi öz əksini tapıb.
Kitabda Günəş parıltısının Yer kürəsi üzərində ilin müxtəlif aylarında günlük trayektoriyaları və müxtəlif saatlar üçün illik izlərinin xəritələri və beş günlük addımla saatbaşı parıltının koordinatlarının (en dairəsi, uzunluq dairəsi) cədvəli verilib.
Xəritə və cədvəldə verilən məlumat əsasında Avropanın METEOEAT 9&10 peyk təsvirlərində Günəş parıltıları deşifrə oluna bilər. Bu təsvirlər eumetsat.org saytından əldə oluna bilər.
Qeyd edək ki, müəllifin metoduna Avropa Kosmik Agentliyinin sifarişi ilə hazırlanmış sənəddə istinad edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.