AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə türkiyəli yazıçı, tədqiqatçı, professor Yavuz Akpınar müəssisənin “İlin alimi” mükafatına layiq görülüb.
Aprelin 23-də institutun Elektron akt zalında mükafatın təqdimetmə mərasimi keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Y.Akpınarın bu mükafata Azərbaycan ədəbiyyatının Türkiyədə tədqiqi və təbliği istiqamətində araşdırmalarına görə layiq görüldüyünü bildirib.
İ.Həbibbəyli daha sonra Y.Akpınarın hələ sovet dövründə Azərbaycan ədəbiyyatı ilə bağlı apardığı araşdırmalardan bəhs edib. Bildirib ki, alim Azərbaycanın görkəmli dramaturqu Mirzə Fətəli Axundovun yaradıcılığına dair doktorluq işi müdafiə edib, həmçinin “Əkinçi”, “Şərqi-Rus”, “Həyat” qəzetləri, “Füyuzat”, “Molla Nəsrəddin”, “Yeni Qafqasya” jurnalları, o cümlədən İsmayıl Qaspiralı ilə bağlı önəmli araşdırmalar aparıb.
O, Y.Akpınarın uzun illər Ərzurum Atatürk və Egey universitetlərində Azərbaycan ədəbiyyatını tədris etdiyini deyib, “Nəriman Nərimanov” Dövlət Mükafatına, eləcə də Azərbaycan Yazıçılar Birliyinin “Rəsul Rza” mükafatına layiq görüldüyünü xatırladıb.
Akademik, həmçinin tədqiqatçının 1982-ci ildə İbrahim Bozyellə birgə təsis etdiyi "Qardaş ədəbiyyatlar" jurnalının iki ölkə arasında ədəbi əlaqələrin qurulmasında və inkişafında önəmli rol oynadığını vurğulayıb.
Sonra akademik İsa Həbibbəyli professor Yavuz Akpınara “İlin alimi” mükafatını və döş nişanını təqdim edib, ona elmi fəaliyyətində uğurlar arzu edib.
Daha sonra çıxış edən professor Yavuz Akpınar hazırda M.Ə.Rəsulzadənin Azərbaycan tarixinə dair 120 səhifəlik çap olunmamış kitabı, o cümlədən 10-a yaxın dərc edilməmiş məqaləsini nəşrə hazırladığını bildirib. Alim Azərbaycanın tarixinə, qəzet-jurnallarına, eləcə də görkəmli ədəbiyyatçılarına dair Türkiyə mənbələrində önəmli faktların olduğunu və onların tədqiqinə zərurət yarandığını deyib.
Tədbirdə, həmçinin professor Yavuz Akpınar “Türkiyə-Azərbaycan əlaqələri baxımından “Cəlal Ünsi”, professor Ədalət Tahirzadə “Bakıdan İstanbula və İstanbuldan Bakıya gedən müəllimlər”, AMEA-nın müxbir üzvü Misir Mərdanov “Cümhuriyyət dövründə Azərbaycanın təhsil sistemi”, professor Ramiz Əsgər Türkiyəyə gedən azərbaycanlı ədiblər”, filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı “Son əsrdə Azərbaycan-Türkiyə maarif münasibətləri”, dosent İrfan Murad Yıldırım “Molla Nəsrəddin və Türkiyə”, dosent Yılmaz Özkaya “Türkiyə-Azərbaycan ədəbi-fikri əlaqələrində “Yeni Kafkasya” və Azeri-Türk” dərgiləri” və Ömer Özcan “Azərbaycan siyasi mühacirətinin bilinməyən ismi: Əfəndizadə Mehmet Şərif bəy” adlı məruzələrlə çıxş ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.