Bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda elmi seminar keçirilib.
Əvvəlcə ümummilli liderin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institunun direktoru, akademik Teymur Kərimli görkəmli dövlət xadimi, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Ulu öndərin bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etdiyini deyən alim onun rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu, bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına həsr etdiyini söyləyib.
Bildirilib ki, ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. O, Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdi, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atdı. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib, dünyada nüfuzu yüksəlib.
Dahi şəxsiyyətin Azərbaycanın elmi potensialının yüksəlməsində, maddi və mənəvi mədəniyyətinin qorunub, inkişaf etdirilməsində misilsiz xidmətlərini qeyd edən T.Kərimli Əlyazmalar İnstitunun da məhz onun qayğı və diqqəti sayəsində formalaşdığını bildirib. O, bu gün ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra institutun direktor müavinləri - fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərlinin “Heydər Əliyev və Azərbaycan elmi”, fil.ü.e.d. Paşa Kərimovun “Əlyazmalar İnstitutunun ən böyük hamisi (Heydər Əliyev)” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə, baş elmi işçi, tarix ü.e.d. Tahirə Həsənzadə, prof. Raqub Kərimov, aparıcı elmi işçi Yusif Bağırzadə çıxış edərək ümummilli liderin Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrdən söhbət açıblar.
Sonda iştirakçılar “Heydər Əliyev – 95: Müstəqilliyimiz əbədidir” adlı kitab sərgisi ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.