Mayın 7-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan "Azərbaycanda gənclər və elm siyasəti: ənənəviliyin və müasirliyin harmoniyası" mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Sumqayıt Şəhər İcra Hakimyyətinin başçısının birinci müavini, YAP Sumqayıt şəhər təşkilatının sədri Teymur Səmədov açaraq dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan tədbirin Sumqayıtda keçirilməsinin əlamətdar olduğunu söyləyib. O, Sumqayıtın sosial-iqtisadi inkişafında, əhalinin rifah halının yaxşılaşmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb. T.Səmədov qeyd edib ki, ümummilli liderin ölkəyə rəhbərliyi dövründə sürətlə və uğurla inkişaf edən şəhərlərdən biri də Sumqayıt olub: “Sumqayıt xalqımızın həmrəyliyini təcəssüm etdirən gözəl ənənələri ilə qısa müddət ərzində böyük şöhrət qazanmış, ölkəmizin iftixarına çevrilə bilmişdir. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır.”.
Sonra çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov tarixi keçmişimizə nəzər salaraq vurğulayıb ki, ölkəmizdə hüquqi dövlətin şanlı tarixini yaradan Heydər Əliyev 70-ci illərdən başlayaraq Akademiyaya xüsusi diqqət göstərib, Azərbaycan elminə dünya şöhrəti qazandırıb. Şura sədri qeyd edib ki, Heydər Əliyevin siyasi uzaqgörənliyi və mükəmməl milli elmi strategiyası sayəsində Azərbaycan alimləri həmin dövrün çətinliklərinə baxmayaraq, böyük coğrafi məkanda elmimizi layiqincə təmsil ediblər.
F.Salmanov vurğulayıb ki, "Sosial-iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir" - deyən dahi lider hələ o dövrdə Azərbaycanın müasir və müstəqil bir dövlətə çevrilməsi üçün elmi konsepsiyanın hazırlanmasına və uğurla həyata keçirməsinə nail ola bilib.
Gənclərimizin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının əsasının məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən alim diqqətə çatdırıb ki, 1995-ci ildən başlayaraq Azərbaycan gənclərinin respublika forumunun keçirilməsi artıq ənənə halını alıb. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində hələ dünyada Beynəlxalq gənclər günü elan edilməmiş, ilk dəfə olaraq Azərbaycanda, 1996-cı ildə 2 fevral - Ümumrespublika Gənclər günü təsis edilib. Belə mühüm Sərəncamın imzalanması Heydər Əliyevin gəncliyə verdiyi böyük önəmin və dəyərin təzahürü idi".
Daha sonra Sumqayıt Dövlət Universitetinin müəllimi, tarix üzrə fələsəfə doktoru Günay Şükürova "Heydər Əliyev və Azərbaycanda təhsilin milliləşdirmə strategiyası", Azərbaycan Dövlət İdarəçilik Akademiyasının doktorantı Məzahir Əfəndiyev "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti", AMEA Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət və konstitusiya hüququ” şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru Nəsib Şükürov "Heydər Əliyev və hüquqi islahatlar", Qafqazşünaslıq İnstitutunun doktorantı Yeganə Baxşıyeva "Heydər Əliyev və Qafqazda sülh prosesi" və Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsən "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzularında məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.