Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.06.2018 12:25
  • A-
  • A
  • A+

Azərbaycan əlyazmalarını dünyada tanıtmaq və təbliğ etmək mühüm məsələlərdəndir

Azərbaycan əlyazmalarını dünyada tanıtmaq və təbliğ etmək mühüm məsələlərdəndir

İyunun 13-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq tədbirin Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edildiyini söyləyib. Bildirib ki, məhz dövlət müstəqilliyi illərində digər sərvətlərimiz kimi əlyazmalar xəzinəmizin də dünyada yerini, mövqeyini, imkanlarını öyrənmək şəraitinin qazanılması builki konfransın aktuallığını daha da artırır.

Əlyazmaların problemlərinə dair konfransın AXC-nin yubileyinə həsr olunmasını təqdirəlayiq hal kimi dəyərləndirən akademik İ.Həbibbəyli qeyd edib ki, bugünkü tədbir müstəqillik dövründə əlyazmalara yenidən baxılmasına və istiqamətləndirilməsinə imkan yaradacaq, həmçinin bu istiqamətdə aparılmış işlərin yeni mərhələsinə təkan verəcək.

Dünya kitabxanalarındakı əlyazmaların öyrənilməsində və tədqiqində Əlyazmalar İnstitutunun rolundan söz açan AMEA-nın vitse-prezidenti konfransın nəticələrinin səmərəli olacağına inamını ifadə edib. 

Sonra çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, ənənəvi olaraq keçirilən tədbirin təşkilinin məqsədi əlyazmalar üzrə tədqiqatçıların diqqətini Azərbaycana yönəltmək və ölkəmizi beynəlxalq aləmdə elm və mədəniyyət ocağı kimi tanıtmaqdır. O, rəhbərlik etdiyi institutda əlyazmaların toplanması, araşdırılması, tədqiqi sahəsində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan bəhs edərək, bugünkü konfransda respublikanın müxtəlif elmi müəssisələrində çalışan tədqiqatçıların, xüsusilə də gənc mütəxəssislərin məruzələrinin dinləniləcəyini diqqətə çatdırıb.

Tədbirdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlinin “Cümhuriyyət dövrünün ədəbi konsepsiyasi (M.Ə.Rəsulzadənin ədəbi görüşləri)”, Əlyazmalar İnstitutunun direktor  müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun “Nəsib bəy Yusifbəylinin “Təslim” hekayəsi”, filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın “Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündə Yusif Vəzirin fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” mövzusunda məruzələri dinlənilib, müzakirələr aparılıb.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. 

İclaslarda ümumilikdə əllidən artıq məruzə dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: