Sentyabrın 21-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin iclası keçirilib.
Tədbirdə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Akademik Nərgiz Axundova iclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.
Tədbirdə AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova “Azərbaycan müstəqillik illərində arxeologiya elminin inkişafı” mövzusunda elmi məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın qədim tarixi abidələrinin tədqiqinin yüz ildən artıq yaşı olmasına baxmayaraq, arxeologiya elminin əsaslı inkişafı ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərindən başlayıb. Alim hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də arxeoloji abidələrin, maddi-mədəni irsin öyrənilməsinə böyük diqqət və qayğı göstərildiyini deyib. Qeyd edib ki, ölkə başçısının bu istiqamətdə fəaliyyətə dair imzalanmış sərəncamları xalqımızın qədim dövr tarixinin arxeoloji qazıntılar vasitəsilə araşdırılması üçün Arxeologiya və Etnoqrafiya İnstitutunun qarşısında mühüm vəzifələr qoyub.
Azərbaycan regionlarında 40-a yaxın arxeoloji və etnoqrafik ekspedisiya işinin aparıldığını deyən məruzəçi bu araşdırmaların AMEA rəhbərliyinin daim diqqət mərkəzində olduğunu bildirib. Ekspedisiyaların səmərəli həyata keçirilməsi üçün lazımi şəraitin yaradıldığını söyləyib.
Sonra alim arxeologiya sahəsində son tədqiqatları xronoloji olaraq sadalayıb. Qədim daş, Neolit, Eneolit, Tunc-ilk dəmir, Antik və Orta əsrlər dövrü haqqında ətraflı məlumat verib. Məruzəçi vurğulayıb ki, əldə edilmiş elmi nəticələr Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrini işıqlandırmaq və vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktları aşkara çıxarmaq baxımından əhəmiyyətlidir.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, müvafiq qərar qəbul olunub.
Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Antropologiya mərkəzinin yaradılması məsələsi müzakirə olunub. Bundan başqa, AMEA-nın İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması ilə bağlı keçirilmiş müsabiqənin nəticələri elan edilib.
İclasda bölmənin bir neçə elmi müəssisəsinin kadr məsələləri də müzakirə olunub müvafiq qərarlar qəbul edilib. Tədbirdə AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi ilə bağlı bu elmi müəssisənin bir qrup əməkdaşının mükafatlandırılması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.