AMEA-nın Əsas binasında Fizika İnstitutunun təşkilatçılığı ilə "Kondensə olunmuş hal fizikasının müasir istiqamətləri" (MTCMP-2018) mövzusunda beynəlxalq konfrans keçirilib.
İki gün davam edəcək tədbir Azərbaycan Elmlər Akademiyasının (EA) keçmiş prezidenti, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Abdullayevin 100 illiyinə həsr olunub.
Konfransı AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov açaraq tədbirin Prezident İlham Əliyevin "Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında" 14 iyul 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu deyib. Bildirib ki, H.Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib.
N.Məmmədov alimin uzun illər ərzində Azərbaycan EA-nın prezidenti və Fizika İnstitutunun direktoru kimi respublikada elmin təşkili işinə mühüm töhfələr verdiyini, ölkənin elmi potensialının artırılması və nailiyyətlərinin tanıdılmasında, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olduğunu diqqətə çatdırıb.
Daha sonra Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov "Görkəmli alim və elm təşkilatçısı" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, H.Abdullayev 1918-ci il avqustun 20-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirib, 1948-ci ildə fizika üzrə fəlsəfə, 1954-cü ildə elmlər doktoru elmi dərəcəsini, 1957-ci ildə isə professor elmi adını alıb. O, 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilib. 1957-1993-cü ilədək Fizika İnstitutunun direktoru, 1970-ci ildən 1983-cü ilədək Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb.
C.Abdinov alimin Azərbaycanda bərk cisimlər fizikasının inkişafında, yarımkeçiricilər elektronikasının və yüksək texnologiyaların geniş sürətdə müasir həyata tətbiqində əvəzsiz rol oynadığını deyib. O, H.Abdullayev tərəfindən ilk dəfə selen düzləndiricilərində bağlayıcı təbəqənin əmələ gəlməsinin, elektroformovka və onun pozulması prosesinin fiziki təbiətinin müəyyənləşdirildiyini diqqətə çatdırıb: "Akademikin rəhbərliyi altında laylı kristal quruluşlu yeni yarımkeçirici materiallar alınaraq onların elektron, fonon spektri, bu spektrlərlə kristal quruluşu arasında əlaqə müəyyənləşdirilib. Bundan əlavə, bərk cisim fizikasında yeni obyekt olan elektron - deşik mayesi, ikiölçülü elektron qazının mövcudluğunu sübut edən Holl müqavimətinin kvantlanması aşkar edilib".
H.Abdullayevin 13 monoqrafiya və 500-dən artıq elmi məqalənin, eləcə də 40-dan çox ixtiranın müəllifi olduğunu deyən C.Abdinov alimin rəhbərliyi altında 100 fəlsəfə və 20 elmlər doktorunun hazırlandığını söyləyib.
O, akademikin fəaliyyətinin yüksək qiymətləndirildiyini, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi fəxri adlarına, “Qırmızı əmək bayrağı” və “Lenin” ordenlərinə, “Rəşadətli əməyə görə” və SSRİ EA S.İ.Vavilov adına qızıl medallarına layiq görüldüyünü bildirib.
Konfransda daha sonra Meksika Milli Avtonom Universitetinin Riyaziyyat İnstitutunun professoru Natiq Atakişiyev və AR Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova çıxış edərək H.Abdullayevin Azərbaycanda nəzəri fizikanın inkişafındakı xidmətlərdən danışıb, eləcə də onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir öz işini bölmə iclası ilə davam etdirib. İclasda Yaponiya Chiba Texnologiya İnstitutunun əməkdaşı Kazuki Vakitanın "CuInS2 və CZTS-nin fotovoltaik səth analizləri" və Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər Fizikası İnstitutunun nümayəndəsi Aleksandr Levçenkonun "Klassik və kvant mayenin səthində dalğa və vorteks hərəkətləri" mövzusunda məruzəsi dinlənilib.
Qeyd edək ki, konfrans öz işini sentyabrın 26-da başa vuracaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.