Məlum olduğu kimi, 31 oktyabr-1 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində III Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədini daşıyan forumda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr – nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər iştirak ediblər.
Forumun noyabrın 1-də keçirilən “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” adlı bölmə iclasında yeni texnologiyalar və müasir media, KİV və svilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsindən qarşılıqlı əlaqələrə və tolerantlığa doğru, həmçinin ənənəvi jurnalistika və sosial şəbəkələr mövzularında məruzələr dinlənilmişdir.
Bölmənin işində AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da fəal iştirak etmişlər. İnstitutun şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “Müasir media və informasiya iqtisadiyyatının formalaşması” adlı məruzəsində cəmiyyətdə müasir mediasistemin rolu və yeri, mediasistem inkişaf faktoru kimi, İKT və İnternet mediasistemin əsası kimi, media vasitələrinin transformasiyası məsələləri, iqtisadi aspektləri, media-iqtisadiyyat və informasiya iqtisadiyyatı konsepsiyası və s. haqqında məlumat verdi. Qeyd etdi ki, bəşəriyyətin inkişaf xüsusiyyətləri və istiqamətləri texnoloji yeniliklərlə bağlı olduğu kimi, müasir mediasistemin inkişaf xüsusiyyətləri də bilavasitə İKT-in imkanlarına əsaslanır. Bəşəriyyətin, o cümlədən mediasistemin gələcək inkişafının da informasiya texnologiyalarının nailiyyətləri ilə bağlı olduğunu vurğulayan Ə.Əliyev BMT tərəfindən minilliyin ideologiyası elan olunan İnformasiya cəmiyyətinin əsasını da məhz İKT-nin təşkil etdiyini diqqətə çatdırdı.
“KİV-lər - informasiya müharibələrindən dialoqa doğru” adlı məruzə ilə çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev medianın hələ XX əsrin əvvəllərindən qloballaşma proseslərinə qoşulduğunu bildirdi. KİV-lər və informasiya müharibələri, sivilizasiyalar arasında qarşılıqlı təsirlər, sivilizasiyaların dialoqunda KİV-lərin rolu kimi mövzulara toxunan alim qloballaşma mərhələsində bəşəriyyətin qarşısında duran qlobal təhlükəsizlik təhdidlərinin sayı və miqyasının artdığını dedi. İnformasiya resurslarının dəyəri və əhəmiyyətinin çoxaldığını vurğulayan Y.İmamverdiyev, informasiya proseslərinin intensiv inkişaf etdiyini və eyni zamanda neqativ təsirlərin daha qabarıq meydana çıxdığını qeyd etdi. Həmçinin kibercinayətkarlıq, kiberterrorizm, informasiya müharibələri təhlükəsi məsələlərindən danışdı.
Digər çıxış edənlər, Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor, Türkiyənin Anadolu Xəbərlər Agentliyinin baş direktoru Kamal Öztürk, Qazaxıstan Kazinformun baş direktoru Dauren Diyarov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və digərləri qloballaşan dünyada ənənəvi media və müasir jurnalistikanın yeri, ənənəvi informasiya sənayesi ilə sürətlə inkişaf edən sosial media arasında əlaqələrin təhlili və s. məsələlər barədə fikirlərini bölüşdülər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.