Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.05.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Riyaziyyat və Mexanika İnstitutunun yaranmasının 55 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans öz işinə başladı

AMEA Riyaziyyat və Mexanika İnstitutunun yaranmasının 55 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans öz işinə başladı

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda bu elmi müəssisənin yaranmasının 55 illik yubileyinə həsr olunan “Riyaziyyat və Mexanikanın aktual problemləri” mövzusunda Beynəlxalq konfrans öz işinə başladı.

Tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar, institutun əməkdaşları iştirak edirdilər.

Öncə foyedə institutun alimləri tərəfindən nəşr olunmuş kitablardan ibarət sərgi nümayiş etdirildi.

Yubiley tədbirini giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev Riyaziyyat və Mexanika İnstitutunun fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən söz açdı. Əlamətdar gün münasibətilə institutun əməkdaşlarını təbrik etdi, onlara yeni uğurlar arzuladı.

Daha sonra çıxış edən bu elmi müəssisənin direktoru, professor Misir Mərdanov konfransın AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirildiyini söylədi, institutun keçdiyi tarixi yola nəzər saldı. Bildirdi ki, bu elm müəssisəsinin fəaliyyətinin məqsədi ölkəmizdə riyaziyyat və mexanika elmlərinin inkişafına təkan verməkdir: “Riyaziyyat və Mexanika İnstitutu 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin 27 aprel və Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin 06 may tarixli qərarları ilə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun bazasında yaradılmışdır. Yarandığı dövrdə institutda 6 şöbə: Funksional analiz, Funksiyalar nəzəriyyəsi, Diferensial tənliklər, İnteqral tənliklər, Təqribi analiz, elastikiyyət nəzəriyyəsi və 2 laboratoriya: Dinamik möhkəmlik, Hesablama mərkəzi fəaliyyət göstərirdi. İnstitutda 121 əməkdaş çalışırdı”.

M.Mərdanov qeyd etdi ki, 55 il ərzində institut əməkdaşlarının 93 monoqrafiya və 10000-dən çox məqaləsi çap edilmişdir. İnstitut əməkdaşlarının elmi fəaliyyəti nəticəsində əsas elmi istiqamətlər üzrə bir çox mühüm nəticələr əldə edilmişdir.

Diqqətə çatdırıldı ki, hazırda institutda 242 nəfər çalışır. Onlardan 1-i akademik, 4-ü akademiyanın müxbir üzvü, 42-i elmlər doktoru, 84-ü isə fəlsəfə doktorudur.

İnstitutda çalışmış alimlərin 67 nəfərinin hazırda xarici ölkələrin aparıcı elm və təhsil müəssisələrində fəaliyyət göstərdiyini söyləyən alim onların 29 nəfərinin elmlər doktoru, digərlərinin isə fəlsəfə doktoru olduğunu bildirdi: “İnstitut özünəməxsus şərəfli tarixi, görkəmli yaradıcıları və adlı-sanlı yetirmələri ilə mühüm elmi mərkəzlərdən biri kimi qəbul olunur”.

Natiq son vaxtlar institutun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış mühüm addımlardan da danışdı.

Konfrans öz işini plenar iclasla davam etdirdi.

Qeyd edək ki, mayın 16-dək davam edəcək konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən 205 tezis göndərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: