Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.10.2018 11:16
  • A-
  • A
  • A+

AMEA-da Bilik Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib

AMEA-da Bilik Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib

AMEA Rəyasət Heyətində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən iclasda Bilik Fondunun Himayəçilik Şurasının üzvləri iştirak ediblər.

Əvvəlcə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Prezident İlham Əliyevin 2014-cü il 7 may tarixli Fərmanı ilə yaradılmış Fondun gördüyü işlər barədə məlumat verib. Bildirib ki, Fond ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində layihələr həyata keçirir. Bundan başqa, maarifləndirici proqramlar üzrə mühazirələr, elmi-praktik konfrans və seminarlar, bölgələrdə gənclər üçün təlim kursları və dərnəklər təşkil edir.

Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi–şöbə müdiri Əli Həsənov Bilik Fondunun dördillik fəaliyyətini müsbət dəyərləndirərək, dövlətimizin başçısının Sərəncamı ilə təyin olunmuş Şura üzvlərinin onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əminliyini ifadə edib.

Prezidentin köməkçisi Bilik Fonduna dövlətin geniş ictimaiyyətə çatdırmaq istədiyi fikir və ideyaların sistemləşdirilməsi, milli təbliğatın forma və məzmun müxtəlifliyinin təmin olunması, Şura üzvlərinin Bilik Fondunun paytaxt və bölgələrdə keçirdiyi tədbirlərə dəvət edilməsi, Fond vasitəsilə xalqımızın tarixi və mədəniyyətinin, milli-mənəvi dəyərlərinin gənc nəslə daha yaxından tanıdılması, əhalinin maarifləndirilməsində kütləvi informasiya vasitələrinin imkanlarından daha geniş istifadə edilməsi, Azərbaycan reallıqlarının sosial şəbəkə istifadəçilərinin geniş auditoriyasına dəqiq və düzgün çatdırılması məqsədilə yeni maarifləndirici veb-saytın yaradılması ilə bağlı tövsiyələr verib.

Çıxış edənlər Bilik Fondunun gələcək fəaliyyəti barədə fikir və mülahizələrini bölüşüb, təklif və tövsiyələrini səsləndiriblər.

Mədəniyyət naziri Əbülfəs Qarayev Bilik Fondunun nazirliklə, müvafiq müəssisə və təşkilatlarla, xüsusilə də bölgələrdə fəaliyyət göstərən mədəniyyət evləri, şəhər və rayon kitabxanaları ilə sıx əməkdaşlıq etdiyini bildirib. O, mövcud əlaqələrin genişlənməsinin zəruriliyini qeyd edərək, Bilik Fondu vasitəsilə sahibkarların gənclərin mədəni maarifləndirilməsi, sərgi və muzeylərlə daha yaxından tanış edilməsi, kino və teatr sənətinə maraqlarının artırılması, kitabxanaların zənginləşdirilməsi işinə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov gənc nəslin vətənə məhəbbət və dövlətə sadiqlik ruhunda tərbiyə olunmasında Bilik Fondunun böyük imkanlara malik olduğunu vurğulayaraq, bölgələrdə fəaliyyət göstərən Gənclər evləri və Olimpiya komplekslərində keçirilən maarifləndirici tədbirlərin mütəmadiliyinin təmin olunmasında, Bilik Fondunun nazirlik və ona tabe qurumlarla birgə layihələrinin icrasında yardımçı olacağını bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bilik Fondunun rəhbərlik etdiyi qurumla birgə həyata keçirdiyi layihələri, o cümlədən cəmiyyətdə böyük maraqla qarşılanan “Ailəliklə kitabxanaya” layihəsini xatırladaraq, Fondun maarifləndirici fəaliyyətində azərbaycançılıq məfkurəsinin, xalqımıza məxsus milli-mənəvi və əxlaqi dəyərlərin davamlı təbliğinə, gənclərin elmi biliklərinin artırılması, maarifləndirmə prosesində informasiyanın onlara düzgün çatdırılması ilə bağlı tədbirlərə xüsusi yer ayrılmasının vacibliyini qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəhbərlik etdiyi qurumun Bilik Fondu ilə sıx əməkdaşlığına diqqət çəkərək, maarifləndirmə işinin təşkilində dinləyici auditoriyasının düzgün seçiminə, bu istiqamətdə fəaliyyət göstərən müəssisə və təşkilatların Bilik Fondu vasitəsilə əlaqələndirilməsinə, əhalinin dini maarifləndirilməsinə xidmət edən sənədli və bədii filmlərin çəkilişinə xüsusi diqqət yetirilməsini tövsiyə edib. Komitə sədri sadalanan sahələrdə Bilik Fondu ilə əməkdaşlığa gələcəkdə də xüsusi önəm veriləcəyini bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov Bilik Fondunun ölkənin təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə təşkil etdiyi tədbirlərin əhəmiyyətindən söz açıb, yeniyetmə və gənclərin ekoloji tərbiyəsinə, müxtəlif məzmunlu layihələrin birgə həyata keçirilməsinə, yerlərdə maarifləndirici mövzulara tələbatın sosioloji sorğular vasitəsilə öyrənilməsinə diqqət yetirilməsini tövsiyə edib. Bildirib ki, təmsil etdiyi nazirlik yeniyetmə və gənclərin təlim və tərbiyəsində Bilik Fondu ilə əməkdaşlığın daha da möhkəmlənməsində maraqlıdır.

İclasda Himayəçilik Şurasının sədri, akademik Akif Əlizadə elmlə təhsilin inteqrasiyasında Bilik Fondunun fəal iştirakının təmin edilməsi, alimlərin gənclərlə canlı ünsiyyətə cəlb edilməsi, elmi turların və ekspedisiyaların təşkilinə dəstək göstərilməsi ilə bağlı məsələlərdən söz açıb. O, maarifləndirici layihələrdə AMEA institutlarının elmi kadr potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çəkib.

AMEA rəhbəri Şura üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Bilik Fondunun yeni tərkibli Şuranın himayəçiliyi altında ölkədə bilikli insan kapitalının formalaşmasında bundan sonra da fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: