Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.10.2018 16:22
  • A-
  • A
  • A+

AMEA-da "Clarivate Analytics" təşkilatının nümayəndələri ilə növbəti görüş keçirilib

AMEA-da "Clarivate Analytics" təşkilatının nümayəndələri ilə növbəti görüş keçirilib

Oktyabrın 16-da AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev "Clarivate Analytics" (Thomson Reuters) təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf  etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə akademik İ.Quliyev AMEA-nın Clarivate Analytics ilə əməkdaşlığını yüksək dəyərləndirərək, yaradılan imkanlara görə təşkilatın rəhbərliyinə minnətdarlığını bildirib. İki qurum arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladan vitse-prezident "Web of Science" məlumat bazasının istifadəçilərinin sayının tədricən artdığını deyib. O, respublikada nəşr olunan bir sıra monoqrafiyaların "Web of Science" elmmetrik məlumat bazasına daxil edilməsini təklif edib.

Sonra çıxış edən Viji Krişnan təmsil etdiyi təşkilatın bazasında Azərbaycan üzrə nəşr olunan elmi məqalələrin 60%-nin AMEA alimlərinə məxsus olduğunu bildirib. Qeyd edib ki, bu göstərici ildə 700-dək indeksləşmiş məqalənin dərc olunması deməkdir.

Clarivate Analytics-in Akademiya ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Viji Krişnan AMEA üçün xüsusi proqramların hazırlandığını, 700-dən artıq alimin iştirakı ilə bu günədək 30-dan çox təlimin baş tutduğunu bildirib.

Daha sonra təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov çıxış edərək elmi jurnalların təkmilləşdirilməsi barədə danışıb. Qeyd edib ki, gələcəkdə elmi məqalələrin yazılması üzrə xüsusi təlimlərin keçirilməsi planlaşdırılır.

Rus dilində olan elmi jurnalların Regional məlumat bazasından bəhs edən V.Boqorov burada texniki və təbiət elmləri ilə yanaşı, humanitar elmlərə dair materialların da yer alacağını diqqətə çatdırıb. Bildirib ki, hazırda ərəb ölkələrində işıq üzü görən elmi nəşrlərin indeksi hazırlanır və bu məlumat bazasına minə yaxın elmi jurnalın daxil ediləcəyi gözlənilir. O, Azərbaycanda nəşr olunan elmi jurnalların da bu bazaya daxil ediləcəyini vurğulayıb.

"Clarivate Analytics" agentliyinin Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə isə çıxışında Akademiyanın ayrı-ayrı elmi müəssisələrinin bu sahədəki aktivliyini müəyyən etmək məqsədilə statistik göstəricilər əsasında təhlillərin aparıldığını deyib.

Görüşdə "Clarivate Analytics" təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev də  iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: