Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.12.2018 15:52
  • A-
  • A
  • A+

AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi  yığıncağı keçirilib

Dekabrın 27-də AMEA İctimai Elmlər Bölməsinin (İEB) ümumi yığıncağı keçirilib. Tədbirdə bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri, mühüm nəticələrin icraçıları və aidiyyəti üzrə şəxslər iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əməkdaşları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Alim tədbirdə bölməyə daxil olan elmi müəssisələrin və müvafiq kənar təşkilatların illik hesabatlarının dinləniləcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncamlarını xatırladan İ.Həbibbəyli bildirib ki, AMEA-da yubileylə bağlı bir sıra işlər görülüb. AMEA Rəyasət Heyətinin bu sənədlərin icrasından irəli gələn məsələlərin həlli ilə bağlı təsdiq etdiyi Tədbirlər planına əsasən, İEB-in elmi müəssisələrində müxtəlif tədbirlər həyata keçirilib.

Sonra çıxış edən bölmənin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, elmi müəssisələrdə hesabatlar Rəyasət Heyətinin "AMEA-nın elmi müəssisələrində 2018-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında" müvafiq qərarına uyğun olaraq hazırlanıb. Alim bölmə institutlarında keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlərdən, beynəlxalq əməkdaşlıq istiqamətində atılan əhəmiyyətli addımlardan, AXC-nin 100 illik yubileyi münasibətilə görülən işlərdən danışıb.

Mühüm elmi nəticələri diqqətə çatdıran akademik-katib qeyd edib ki, hesabat ilində bölmə üzrə 9 elmi istiqamətdə 34 problem üzrə 139 mövzu, 325 iş üzərində elmi tədqiqat işləri aparılıb. Bölmə institutları tərəfindən il ərzində 161 kitab, 1721 məqalə, 350 tezis olmaqla, ümumilikdə 2232 əsər nəşr edilib. N.Axundova 8 kitabın, 326 məqalənin və 48 tezisin xaricdə çap olunduğunu əlavə edib.

Bölmə üzrə 35 məqalənin impakt faktorlu jurnallarda dərc edildiyini deyən alim cari ildə İEB alimlərinin əsərlərinə 1370 istinadın olduğunu bildirib. O, hesabat ilində bölmənin yeni impakt faktorlu jurnallarının təsis edildiyini də diqqətə çatdırıb.

N.Axundova 2018-ci ildə bölmə tərəfindən 19 beynəlxalq və 27 respublika konfransının keçirildiyini, 5 qrant qazanıldığını, o cümlədən fəlsəfə doktorluğu üzrə 8, elmlər doktorluğu üzrə 12 nəfərin müdafiə etdiyini  vurğulayıb.

Tədbirdə Abbasqulu Ağa Bakıxanov adına Tarix, Arxeologiya və Etnoqrafiya, akademik Ziya Bünyadov adına Şərqşünaslıq, Fəlsəfə, İqtisadiyyat, Hüquq və İnsan Haqları, Elm Tarixi, Qafqazşünaslıq institutları və Milli Azərbaycan Tarixi Muzeyinin hesabatları təqdim edilib.

Daha sonra bölmə üzvlərinin və kənar təşkilatların mühüm nəticələri diqqətə çatdırılıb.

Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb, bölmə hesabatların Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: