Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.01.2019 14:01
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsi hesabat verib

Yer Elmləri Bölməsi hesabat verib

Yanvarın 23-də Geologiya və Geofizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Yer Elmləri Bölməsinin (YEB) 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunduğunu bildirib.

Sonra YEB-ə daxil olan elmi müəssisə və təşkilatlarda müxtəlif istiqamətlərdə əldə olunmuş mühüm elmi nəticələr təqdim olunub.

Bölmənin ötən ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edən akademik-katib, akademik Fəxrəddin Qədirov bildirib ki, YEB-in institutlarının fəaliyyətində ölkə Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf  Konsepsiyası və AMEA Rəyasət Heyətinin "AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası" qərarlarından irəli gələn vəzifələr, "Аzərbаycаn Rеspublikаsındа sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı", həmçinin ölkə başçısının AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağındakı nitqində qeyd etdiyi Azərbaycan elminin respublikanın sosial-iqtisadi inkişafı ilə şərtlənən prioritetləri və AMEA Rəyasət Heyətinin "Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələrindəki tapşırıqların icrası üzrə AMEA-nın  Tədbirlər planı haqqında" qərarında  qeyd  olunmuş  müvafiq bəndlər əsas götürülüb.

Alim vurğulayıb ki, bölmə üzrə beynəlxalq əməkdaşlıq hesabat ilində yüksək səviyyədə davam etdirilib. AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR - Consiglio Nazionale delle Ricerche) arasında imzalanmış ikitərəfli elmi əməkdaşlıq haqqında müqavilə çərçivəsində Geologiya və Geofizika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi və İtaliyanın Ətraf Mühitin Təhlili Üzrə Metodologiya İnstitutunun mütəxəssisləri 2018-2019-cu illər üçün "Mingəçevir ərazisində (Azərbaycan) su anbarında yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi" mövzusunda layihə üzrə elmi-tədqiqat işlərinə başlayıblar.

F.Qədirov Geologiya və Geofizika İnstitutu ilə ABŞ-ın Miçiqan Universiteti arasında imzalanmış memorandum çərçivəsində "Böyük Qafqaz ərazisində subduksiyadan kolliziyaya keçid nəzəriyyəsinin struktur, termoxronoloji və mənşə baxımından öyrənilməsi" layihəsi üzrə tədqiqat işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutu ilə birlikdə yerinə yetirilən "Aralıq dənizi və Xəzər Regionunun kinematika və dinamikası" adlı  meqa layihə çərçivəsində tədqiqatlar davam etdirilib. Bu layihənin köməyi ilə Azərbaycan ərazisində daimi işləyən 10 GPS stansiyası yerləşdirilib və UNAVCO (NASA) bazasına Azərbaycan şəbəkəsi olaraq daxil edilib. AMEA ilə İsrail Təbiət və Humanitar Elmlər Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində İsraildə "Seysmologiya və Geodinamika" mövzusunda beynəlxalq seminar keçirilib və bölmənin alimləri də tədbirdə məruzələrlə çıxış ediblər.

Akademik-katib qeyd edib ki, hesabat ilində Geologiya və Geofizika İnstitutu və "Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V" şirkəti arasında imzalanmış Azərbaycanın palçıq vulkanlarının tədqiqi ilə bağlı əməkdaşlıq müqaviləsi çərçivəsində alimlərimiz fransalı həmkarları ilə birgə Şamaxı-Qobustan, Abşeron və Aşağı-Kür neftli-qazlı rayonlarında yerləşən Ayazaxtarma, Torağay, Ayrantökən, Qoturdağ, Durovdağ, Bozdağ-Güzdək və digər palçıq vulkanlarının tədqiqinə başlayıblar. Rusiyanın tanınmış "Nedra" nəşriyyatında ilk dəfə neft-qaz geologiyası üçün böyük əhəmiyyətə malik 2 cildli "Продуктивная толща Азербайджана" adlı monoqrafiya çapdan çıxıb və hazırda ingilis variantı üzərində işlər davam etdirilir.

Diqqətə çatdırılıb ki, 2018-ci ildə AMEA Neft və Qaz İnstitutu elm, texnologiya və innovasiyalar sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Norveçin Oslo Universitetinin Yerin təkamülü və dinamikası mərkəzi və Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Geologiya fakültəsi ilə üçtərəfli, həmçinin Almaniyanın GEOMAR Helmholtz Okean Tədqiqatları Mərkəzi ilə anlaşma memorandumları imzalayıb.

F.Qədirov AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Türkiyənin Dəniz Elmləri və Texnologiya İnstitutu və Dokuz Eylül Universiteti ilə multidissiplinar tədqiqatlar, dəniz elmləri, texnologiya və dəniz tədqiqatlarının planlaşdırılması və əməkdaşlıq proqramlarının həyata keçirilməsinə dair müqavilə bağladığını nəzərə çatdırıb. Vurğulayıb ki, Fransa Elmlər Akademiyasının Tuluza şəhərində yerləşən Kosmik Geofiziki Okeanoqrafiya Laboratoriyası (LEGOS) ilə "Xəzər dənizi səviyyəsinin peyk altimetriyası ilə öyrənilməsi" mövzusunda əməkdaşlıq davam etdirilib. İnstitutda Xəzər dənizi səviyyəsinə aid alınmış elmi-metodiki nəticələr "LEGOS"-un Xəzər dənizi səviyyəsinin müasir metodlarla tədqiqi" beynəlxalq proqramına daxil edilib. Həmçinin İran İslam Respublikasının Xəzər Dənizinin Tədqiqatları Mərkəzi ilə "Xəzər dənizi sahil zonasının idarəçiliyi" mövzusunda əməkdaşlıq davam etdirilib, bu ölkənin bir sıra universitetləri ilə bağlanmış protokollar çərçivəsində elmi əməkdaşlıq, kadr hazırlığı, elmi-tədqiqat və təhsil proqramlarının hazırlanması və digər məsələlərin həlli istiqamətində bir sıra işlər görülüb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin hesabat ilindəki fəaliyyətindən danışan alim bildirib ki, qurum Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi, Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu, Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi, Avropa Seysmoloji Komissiyası ilə elmi əməkdaşlığı davam etdirib.

Natiq Təbiət Tarixi Muzeyinin əməkdaşlarının hesabat ilində BP şirkəti, İngiltərənin Lids Universiteti, Bolqarıstanın Təbiət Tarixi Muzeyi, həmçinin Xəzəryanı ölkələrin elmi tədqiqat təşkilatları ilə sıx əməkdaşlığı davam etdirdiklərini söyləyib.

Akademik-katib bölməyə dair statistik məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, hesabat ilində institut və təşkilatlarda 13 problemi əhatə edən 54 mövzu üzrə tədqiqatlar aparılıb. Bölmə əməkdaşlarının 4 layihəsi elmi-tədqiqat proqramlarının maliyyələşdirilməsi məqsədilə keçirilən respublika müsabiqəsində qalib olub. 2018-ci ildə 37 təsərrüfat müqaviləsi üzrə görülən işlər tamamlanıb. Hesabat ilində 137-si xaricdə olmaqla 459 məqalə, 57-si xaricdə olmaqla 134 tezis nəşr edilib. Bunlardan 69 məqalə impakt faktorlu jurnallarda işıq üzü görüb. 2018-ci ildə bölmənin alimləri tərəfindən hazırlanmış 12 monoqrafiya, 13 atlas və 9 dərs vəsaiti nəşr edilib.

Bölmənin kadr hazırlığından danışan F.Qədirov bildirib ki, ötən il doktoranturaya 13 nəfər qəbul olunub. Hazırda bölmənin institutlarında 11 nəfər fəlsəfə doktorluğu üzrə təhsil alır. O, ötən il bölmənin elmi müəssisələrində 20 fəlsəfə və elmlər doktoru dissertasiyasının müdafiə olunduğunu, 14 işin isə müdafiəyə hazırlandığını diqqətə çatdırıb. Natiq vurğulayıb ki, hesabat ilində magistratura pilləsinə  9 nəfər qəbul olunub.

Akademik çıxışında dövlət başçısının fərman və sərəncamlarının, AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, struktur dəyişiklikləri, keçirilən konfrans və yubileylər, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası, gənc alim və mütəxəssislərin fəaliyyətləri və digər məsələlərə də toxunub.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər Rasim ƏliquliyevNazim MəmmədovVasif BabazadəVaqif AbbasovArif İsmayılzadəRamiz Məmmədov, AMEA-nın müxbir üzvləri - Bilal BilalovƏlövsət Quliyev, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elman Yusifov, coğrafiya elmləri doktoru Rəna Qaşqay və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsi üzrə mühüm elmi nəticələr Akademiyanın illik hesabatına daxil edilib. Yer elmləri sahəsində elmi-tədqiqat, təhsil, kadr hazırlığı, beynəlxalq əməkdaşlıq və digər istiqamətlərdə tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: