AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Elm günü" və rus alimi D.İ.Mendeleyev tərəfindən Kimyəvi elementlərin dövri sistemi cədvəlinin yaradılmasının 150 illiyinə həsr olunan respublika konfransı keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim, magistr və tələbələri, eləcə də akademik Zərifə Əliyeva adına, BDU-nun nəzdindəki Gənc İstedadlar və Avropa liseylərinin, 160 saylı Klassik Gimnaziya və Bakı şəhəri 192 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Konfransı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq 2019-cu ilin BMT-nin Baş Assambleyası tərəfindən "Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli" elan olunduğunu bildirib. Qeyd edib ki, kimya ilə yanaşı, fizika, biologiya və digər fundamental elmlərin inkişafında mühüm rol oynayan cədvəllə bağlı il ərzində dünyanın 50-dən çox ölkəsindəki universitet və elm mərkəzlərində tədbirlərin keçirilməsi planlaşdırılır.
D.Tağıyev Mendeleyevin Dövri qanununun kəşfinin XIX əsrdə məlum olan elementlərin xüsusiyyətlərini sistemləşdirməyə, həmçinin məlum olmayan elementlərin varlığını proqnozlaşdırmağa və xassələrini təsvir etməyə imkan verdiyini söyləyib. Dövri qanunla müəyyən edilmiş konsepsiyaların nəzəri əsaslarının inkişafı və praktiki tətbiqinin bu gün də aktual olduğunu deyən akademik Mendeleyev sisteminin müasir kimyəvi texnologiyaların yaradılmasına imkan verdiyini, eləcə də davamlı ərintilər və müəyyən xüsusiyyətləri olan maddələrin alınmasında istifadə edildiyini vurğulayıb.
Sonra konfransda D.Tağıyevin “Kimyəvi elementlərin dövri sistemi təbiətin fundamental qanunu kimi”, BDU-nun Kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizovun “Dövri sistem kimyanın tədrisində” və ADNSU-nun professoru Minirə Ağahüseynovanın “Dövri sistemin yeni elementlərin kəşfində əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilib.
Məruzələr ətrafında AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi v.i.e., akademik Vaqif Fərzəliyev, BDU-nun prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.
Sonda tədbirdə iştirak edən şagirdlərə müəssisənin laboratoriyasında bir sıra maraqlı təcrübələr əyani göstərilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.