Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2019 10:31
  • A-
  • A
  • A+

AMEA-nın gənc alimləri Monpelye Universitetində doktorantura təhsili alırlar

AMEA-nın gənc alimləri Monpelye Universitetində doktorantura təhsili alırlar

Akademiyanın doktorantlarının beynəlxalq səviyyəyə uyğun hazırlanması məqsədilə Fransanın müvafiq dövlət orqanları və təhsil müəssisələri ilə əldə olunmuş razılığa əsasən, ötən il AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Fransanın Monpelye Universitetinin vitse-prezidenti, professor François Henn tərəfindən Əməkdaşlıq haqqında Çərçivə Sazişi, Əməkdaşlıq və Dissertasiya Maliyyələşdirilməsi haqqında Saziş imzalanıb.

Əməkdaşlıq Azərbaycana ilk dəfə olaraq doktorant səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi üçün geniş imkanlar açır. Sazişə əsasən, akademiyanın gənc mütəxəssisləri AMEA və Monpelye Universitetinin doktorantları kimi hər iki təşkilat tərəfindən elmi rəhbərlə təmin edilir. Doktorantlar təhsil müddətinin iki ilini Monpelye Universitetində, bir ilini isə AMEA-da tamamladıqdan sonra hər iki təşkilatın alimlərindən ibarət ümumi elmi şura qarşısında dissertasiya işini müdafiə edərək həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına sahib olurlar.

2018-ci il üçün AMEA tərəfindən prioritet istiqamət kimi biotibb elmi istiqaməti elan edilib və müştərək fəlsəfə doktoru proqramına müsabiqə elan olunub. Monpelye Universiteti tərəfindən biotibb istiqaməti çərçivəsində təqdim edilmiş mövzular üzrə doktoranturaya namizədlər arasından Genetik Ehtiyatlar İnstitutunun doktorantı Səbinə Fərhadova və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) doktorantı Fidan Hüseynova müsabiqənin qalibi elan ediliblər. 2018-ci ilin əvvəlindən onlar Monpelye Universitetində doktorantura təhsilinə başlayıblar.

“Siçanın embrion kök hüceyrə modelləri üzərində insan xəstəliklərinə səbəb olan epigenetik mexanizmlərin tədqiqi” mövzusunda tədqiqatlar aparan S.Fərhadovanın Monpelye Universiteti tərəfindən elmi rəhbəri professor Robert Feil, AMEA tərəfindən Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovdur.

“Toxumanın bərpası üçün diş pulpası kök hüceyrələrinin angiogenik aktivləşdirilməsi” mövzusunda tədqiqatlar aparan Fidan Hüseynovanın isə Monpelye Universiteti tərəfindən elmi rəhbəri professor Veronique-Barragan Montero, AMEA tərəfindən MBBİ-nin direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədovdur.

Tədris ilinin başlaması münasibətilə Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa SadıqovBeynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva Monpelye Universitetində olub, F.Hüseynova və S.Fərhadova, həmçinin onların elmi rəhbərləri ilə görüşüb, doktorantların təhsili və elmi-tədqiqat işlərinin gedişatı ilə tanış olublar. Hər iki elmi rəhbər doktorantların hazırlıq vəziyyəti və təhsil göstəricilərindən razılıqlarını bildirib, uğurlu elmi nəticələrin alınacağına və AMEA ilə əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiklərini söyləyiblər.

İdarə rəisləri, həmçinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova, həmin müəssisənin baş mütəxəssisi Əfruz Qurbanova və proqram mütəxəssisi Yusif Sadıyev “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması – Nizami” layihəsi çərçivəsində Monpelye Universitetində keçirilən növbəti toplantıda iştirak ediblər. Toplantı zamanı layihənin Azərbaycandakı partnyor təşkilatları tərəfindən aparılan işlər və əldə edilən nəticələr müzakirə olunub. Nümayəndə heyəti AMEA tərəfindən həyata keçirilən işləri təqdim edib, Azərbaycanda doktorantura təhsili üzrə Milli İdarəetmə Portalının strukturu və yaradılması prinsiplərini müzakirəyə çıxarıb. Yerli və xarici partnyorların təklifləri nəzərə alınmaqla portalın strukturu qəbul edilib və hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, sözügedən layihə Monpelye Universitetinin koordinatorluğu ilə Avropanın 5 qabaqcıl universiteti, AR Təhsil Nazirliyi, AMEA və Azərbaycandan 9 universitetin iştirakı ilə həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbəralərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: