Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günüdür
18.06.2020 16:42
  • A-
  • A
  • A+

İyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günüdür

Bu gün Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Ölkəmizdə insan hüquqlarına verilən dəyərin göstəricisi olaraq Prezident İlham Əliyev 2007-ci ildə hər il iyun ayının 18-nin İnsan Hüquqları Günü kimi qeyd edilməsinə dair Sərəncam imzalayıb. Həmin tarixdən bugünədək insan hüquqları sahəsində böyük irəliləyişlərə nail olunub, müxtəlif qanunvericilik aktları qəbul edilib, ziddiyyət təşkil edən hallar aradan qaldırılıb.

İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalaması, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması insan hüquqlarının müdafiəsi istiqamətində atılan uğurlu addımların bariz nümunəsidir. Ombudsman təsisatının yaradılması isə hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi.

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib.

Ölkəmizdə aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir sıra hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum imzalanıb.

Azərbaycan Respublikasında insan hüquqlarının qorunması, onun aliliyinin təmin edilməsi hər zaman, o cümlədən epidemiya vaxtı da diqqət mərkəzində saxlanılıb. 

Hazırda ölkəmizdə insan hüquqları istiqamətində görülən işlər, atılan uğurlu addımlar, hətta pandemiyanın hökm sürdüyü bu günlərdə də insan hüquqlarının aliliyinin təmini, pozulmasının qarşısının alınması məqsədilə aparılan islahatlar Prezident İlham Əliyevin siyasi iradəsini əks etdirməklə həm Azərbaycan xalqı, həm xarici dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan Milli Elmlər Akademiyası da ölkəmizin insan hüquqlarının qorunması sahəsində dövlət siyasətinə dəstək verir. Cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsini qarşısına məqsəd qoyan AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Azərbaycanda hər zaman insan hüquqlarının aliliyinin qorunacağına inanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: