Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Kamal Abdullayevin 65 yaşı tamam olur
03.12.2015 09:10
  • A-
  • A
  • A+

Akademik Kamal Abdullayevin 65 yaşı tamam olur

Dekabrın 4-də tanınmış alim və yazıçı, Azərbaycan Res­publikasının Millətlərarası, mul­ti­kul­tu­ra­lizm və dini məsələlər üzrə Dövlət müşaviri, Əməkdar elm xadimi, akademik Kamal Mehdi oğlu Abdullayevin 65 yaşı tamam olur.

Akademik Kamal Abdul­la­yev 1950-ci ildə Bakı şəhərində anadan ol­muş­dur. 1968-ci ildə Bakı şəhər 190 saylı orta mək­təbi bitirmiş, 1968-1973-cü illərdə Azər­bay­can Dövlət Universite­ti­nin Filolo­giya fa­kül­tə­sində təhsil almışdır.

1973-1976-cı illərdə SSRİ Elmlər Aka­­de­miyasının aspi­rantı olmuşdur. 1977-ci ildə Moskvada “Sintaktik paralelizm (“Kita­bi-Də­də Qorqud” dastanlarının dili üzrə)” möv­zu­sun­da namizədlik disser­tasiyası, 1984-cü il­də Bakıda “Azərbaycan dili sintaksisinin nə­zə­ri problem­ləri” adlı doktorluq dissertasiyası mü­dafiə etmişdir.

K.Abdullayev 1990-cı ildən Azər­bay­can Yaradıcılıq Fondunun (keçmiş Azər­bay­can Mədəniyyət Fondunun) sədri, Azər­bay­can Yazıçılar Birliyinin İdarə Heyətinin, Teatr Xadimləri İttifaqının üzvüdür.

Alimin elmi və bədii yaradıcılığı Azərbaycandan kənarda da tanınır. Onun romanları (“Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...”) bir çox dillərə tərcümə edilərək ABŞ, Fransa, Avstriya, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, İran və digər ölkələrdə çap edilmişdir. O, milli dilçilikdə Azərbaycan mətn dilçiliyi adlı istiqamətin və məktəbin yaradıcısıdır. 

2000-ci ildə M.F.Axundov adına Azər­bay­can Pedaqoji Rus dili və Ədəbiyyatı İns­ti­tu­tunun bazasında yaradılmış Bakı Slavyan Uni­versitetinin rektoru təyin edilmiş, 2014-cü ilədək bu təhsil müəssisənin rektoru vəzifəsində çalışmışdır. 2011-2014-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra etmişdir.

2007-ci ildə Azərbaycan Milli Elmlər Aka­­demiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik K.Abdullayev Azər­bay­can Respublikası Prezidentinin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Res­publikasının Millətlərarası, mul­ti­kul­tu­ra­lizm və dini məsələlər üzrə Dövlət müşaviri tə­yin edilmişdir.

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Türk Dil Quru­munun həqiqi üzvü K.Abdullayevin bir sıra  fəxri adları vardır. O, Uk­ray­na Beynəlxalq Kadr Akademiyasının hə­qi­qi üzvü, Rus PEN-klubunun (Moskva) üzvü, Moskva Şəhər Pedaqoji Uni­ver­si­tetinin Fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin Fəxri profes­soru ad­la­rına layiq görülmüşdür.

Alim 2007-ci ildə Rusiya Fe­de­­rasi­yasının “Puşkin” medalı, “Humay” Milli Mü­ka­fa­tı, 525-ci qəze­tin “İlin romanı” adlı mü­ka­fa­tı, Monitorinq qrupunun “İlin ədəbiyyat ada­mı”, 2009-cu ildə Azərbaycanla Çexiya ara­sın­da münasibətlərin inkişafında mühüm rolu­na görə “Karl Kramej” medalı, 2009-cu ildə Pol­şa Respublikası Prezidenti Lex Kaçinski tə­­rəfindən bu dövlətin “Böyük Xaç” Kavaler or­deni, Polşanın müsbət imicinin for­ma­laş­ma­sındakı mühüm xidmətlərinə görə Polşa Res­publikasının Xarici İşlər Nazirliyinin Xü­su­si Diplomu, 2010-cu ildə Dədə Qorqud Mi­lli Fondunun “Dədə Qorqud Milli Mü­ka­fa­tı”, “Azər­baycan dünyası” Beynəlxalq jur­na­lı­nın “Vətən övladı” qızıl medalı, 2010-cu ildə III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində “Ya­rımçıq əlyazma” roma­nına görə “Son 10 ilin ədəbi əsəri” mükafatı, 2013-cü ildə Sofiya Uni­versi­tetinin ali mükafatı – “Mavi Lent Fəx­ri Nişanı” ilə təltif edilmişdir.

Görkəmli elm mücahidini 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • Paylaş: