Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda professor Oruc Musayevin 90 illik yubileyi qeyd olunub.
Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu görkəmli alimin səmərəli elmi fəaliyyətindən, onun dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, əmək fəaliyyətinə 1956-cı ildə başlayan O.Musayev 50 ildən artıq Azərbaycan Dillər Universitetində İngilis dilinin qrammatikası kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim, kafedra müdiri və universitetin elmi işlər üzrə prorektoru vəzifələrində çalışıb. O, 2013-2019-cu illərdə Dilçilik İnstitutunda Hind-Avropa dilləri şöbəsinin müdiri işləyib.
Sonra çıxış edən institutun şöbə müdiri, professor İlham Tahirov alimin zəngin elmi irsindən, ingilis dilinin qrammatikası və leksikoqrafiyası sahəsindəki xidmətlərindən bəhs edib.
Görkəmli dilçi-alimlə bağlı xatirələrini bölüşən professorlar Edison Hacıyev, Arif Hüseynov, İsmayıl Məmmədli onun elmi və pedaqoji fəaliyyətindən danışıb, O.Musayevin nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu söyləyiblər. Bildirilib ki, O.Musayevin yaradıcılığında ingilis dilinin qrammatikası ilə bağlı tədqiqatlar mühüm yer tutur.
Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.