Oktyabrın 2-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) yaradılmasının 90 illik yubileyinə həsr olunan yığıncaq keçirilib.
Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Yusif Məmmədəliyevin məzarlarını ziyarət edib, məzarlar önünə əklil və gül dəstələri qoyublar.
Yığıncağı giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq tədbirin Prezident İlham Əliyevin 2019-cu il 11 mart tarixli "AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirildiyini bildirib. O, bu sənədin dövlətin elmimizə və alimlərimizə qayğısının növbəti göstəricisi olduğunu vurğulayıb.
Akademik A.Əlizadə institutun elmi istiqamətlərindən, fəaliyyət göstərdiyi müddətdə ölkəmizdə neft kimyası və kimya elminə verdiyi dəyərli töhfələrdən söz açıb. Bildirib ki, bu qurum 1929-cu ildə "Azneft" İstehsalat Birliyinin Mərkəzi kimya laboratoriyası bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başlayıb, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırılıb. İnstitut alimlərinin elmi işləri əsasən Azərbaycan neftinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq və yağların alınması məqsədilə effektiv emalın elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və katalizatorların yaradılmasına həsr olunub.
Qurumun 90 illik fəaliyyəti dövründə kataliz, üzvi-kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki-kimya, neft-kimya sintezi sahəsində fundamental tədqiqatların aparıldığını deyən AMEA rəhbəri institutda Azərbaycanın neft kimyası və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin hazırlanması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Akademik Akif Əlizadə yubiley münasibətilə institutun kollektivini təbrik edib, onlara elmi fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
Sonra NKPİ-nin direktoru, akademik Vaqif Abbasov "Elmin zirvələrinə aparan 90 illik yol" adlı məruzə ilə çıxış edib. O, rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, inkişaf mərhələləri, burada aparılan elmi-tədqiqat işləri, əldə olunan mühüm nəticələr və institutun inkişafında xidmətləri olan görkəmli alimlər haqqında məlumat verib.
Bildirilib ki, 1929-cu ildə fəaliyyətə başlayan bu qurum respublikada neft emalı və neft kimyası sahəsində aparılan tədqiqat işlərinin əsas mərkəzi hesab olunurdu. 1945-ci il yanvarın 29-da SSRİ Neft Sənayesi Xalq Komissarlığının qərarına əsasən, Azərbaycan Neft Tədqiqat İnstitutunun nəzdində 2 sərbəst elmi-tədqiqat institutu - Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutu (AzNEETİ) və Azərbaycan Neft Çıxarma Elmi-Tədqiqat İnstitutu yaradılıb. AzNEETİ və Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutu və Kimya İnstitutunun bir sıra laboratoriyaları əsasında Elmlər Akademiyası sistemində 1959-cu ildə Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) yaradılıb. Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, akademik Murtuza Nağıyev NKPİ-nin direktoru təyin olunub. Nəinki respublikada, hətta SSRİ-də ən aparıcı elmi mərkəzə çevrilən instituta 1962-ci ildə akademik Yusif Məmmədəliyevin adı verilib: "Dünyada tanınmış alim Y.Məmmədəliyevin institutumuzun şərəfli tarixində xüsusi yeri var. Həmin dövrdə alimin aviabenzinin yüksək oktanlı komponenti olan kumolun alınması prosesinin işlənib hazırlanması işi SSRİ Dövlət Mükafatlarına layiq görülmüşdü”.
Akademik V.Abbasov vurğulayıb ki, yarandığı gündən İvan Qutt, Matvey Kapelyuşnikov, Tahirə Tahirova, Nikolay Lutsenko, Hacı Həşimov, Yusif Məmmədəliyev, Vahab Əliyev, Murtuza Nağıyev, Musa Rüstəmov institutun direktorları olublar. Həmin alimlər böyük elmi məktəblər yaratmaqla yanaşı, elmin sənayeyə tətbiqi sahəsində də uğur qazanıblar. İnstitutun şərəfli tarixini yaradanlar sırasında akademiklər İzzət Orucova, Rüstəm İsmayılov, Əli Quliyev, Soltan Mehdiyev, Bahadur Zeynalov, Məhərrəm Məmmədyarov, Toğrul Şaxtaxtinski, Nadir Seyidov, Sahib Əliyev, Ayaz Əfəndiyev, Akif Əzizov, Vaqif Fərzəliyev, Dilqəm Tağıyev, Ramiz Rizayev, Əjdər Məcidov, müxbir üzvlər Məcid Mərdanov, Bilal Dadaşov, Nazil Canıbəyov, Fəzilə Səmədova, Nazim Hüseynov, Hafiz Əlimərdanov, Ziyafəddin Əsədov və digərləri xüsusi yer tutur.
V.Abbasov institutun fəaliyyət göstərdiyi müddət ərzində bir sıra mühüm elmi nəticələrin əldə olunduğunu söyləyib. Qeyd edib ki, SSRİ-də ilk yüksək oktanlı aviasiya benzini, Bakı neftindən bir neçə növ reaktiv yanacağın alınma texnologiyası, SSRİ miqyasında tətbiq olunmuş rəqabət qabiliyyətli parafinsizləşdirmə prosesi, eləcə də bu gün də uğurla istifadə olunan katalitik krekinq prosesi institutun nəticələridir.
İlk raket yanacağının NKPİ tərəfindən təklif olunduğunu deyən alim 1983-cü ildən Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan və Azərbaycanda tətbiq olunan çoxfunksiyalı korroziya inhibitoru, 1988-ci ildə lisenziya ilə Rusiya Federasiyasına satılmış Azəri inhibitorunun texnologiyası, analoqlarından üstün olan superplastifikatorun alınma texnologiyası, maye kauçukun ən müasir istehsal texnologiyası, yüngül gəmi dizel mühərrikləri üçün yanacaq alınma texnologiyası, dünyada bənzəri olmayan müalicəvi "ağ Naftalan yağı"nın alınma texnologiyası və digər elmi nəticələri diqqətə çatdırıb. Bildirib ki, institut alimləri SSRİ-nin 6 və Azərbaycanın isə 4 Dövlət Mükafatına layiq görülüblər.
İnstitutun son illərdə əldə etdiyi elmi nailiyyətlərdən danışan V.Abbasov NKPİ-nin istehsalatla əlaqəli işlədiyini, respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini söyləyib. O, gələcəkdə institutun elmi simasını müəyyənləşdirəcək elmi istiqamətlər üzrə tədqiqatların başlandığını deyib.
V.Abbasov institutun şərəfli tarixinə və bu gününə böyük dəyər verdiyi üçün Prezident İlham Əliyevə, yubiley tədbirinin təntənəli şəkildə təşkilinə görə isə AMEA rəhbərliyinə kollektiv adından təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Neft-Kimya Prosesləri İnstitutunun tarixinin Azərbaycanın qədim neft-qaz sənayesinin inkişaf yolu ilə sıx bağlı olduğunu bildirib. Vurğulayıb ki, bu gün də neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verən institut yüksək elmi potensiala, müasir biliklərə və zəngin təcrübəyə malik mütəxəssisləri ilə Xəzər regionunda tanınır. Alimlərimizin kataliz, üzvi-kimya, yüksəkmolekullu birləşmələr kimyası, neft-kimya sintezi kimi perspektivli istiqamətlər üzrə əldə etdikləri elmi nəticələr böyük istehsalat əhəmiyyəti daşıyır, ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə xidmət edir.
R.Abdullayev bildirib ki, SOCAR Neft-Kimya Prosesləri İnstitutu ilə əməkdaşlığı yüksək qiymətləndirir, bu müəssisənin maddi-texniki bazasının müasirləşməsini, texniki potensialının zənginləşməsini daim diqqət mərkəzində saxlayır. O, rəhbərlik etdiyi şirkətlə NKPİ arasında yaranmış uzunmüddətli və səmərəli əməkdaşlığın uğurlarından söz açıb, bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.
Yubiley tədbirində çıxış edən Təhsil naziri Ceyhun Bayramov vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi neft strategiyasının elmi təminatına Neft-Kimya Prosesləri İnstitutu böyük töhfələr verir. İnstitut elmin və təhsilin inteqrasiyası sahəsində uğurlu fəaliyyət göstərir, ali məktəblər və istehsalat üçün yüksəkixtisaslı kadrlar hazırlayır.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, institutun alimləri ümumtəhsil məktəbləri və ali təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasında fəal iştirak edirlər. Məhz onların müəllifliyi ilə 28 dərslik, 52 dərs vəsaiti hazırlanıb: "Müstəqillik illərində bütün siniflər üçün kimya dərsliklərinin müəllifləri NKPİ-nin direktoru, akademik Vaqif Abbasov və institutun əməkdaşları olublar. 2003-cü ildən bu elm müəssisəsinin Təhsil İnstitutu ilə birgə çap etdirdiyi “Kimya məktəbdə” elmi jurnalı müəllim və tələbələr üçün faydalı vəsaitə çevrilib".
Daha sonra AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, akademik N.D.Zelinski adına Noosfera Mühafizə Mərkəzinin və Muzeyinin direktoru, professor Andrey Zelinski, İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma, Bakı Dövlət Universitetinin rektoru, f.-r.f.d. Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və digərləri çıxış edərək institutun çoxşaxəli fəaliyyətindən, əldə etdiyi elmi nailiyyətlərdən danışıblar.
Tədbirdə "Neft, yanar şistlər, səmt qazları və təbii qazların emalının aktual problemləri", "Neft-kimya sintezinin perspektiv istiqamətləri, kompüter kimyası", "Ekologiya və enerji problemlərinin həllində “yasıl kimya”", "Aqrokimya və farmokimyanın aktual problemləri", "Nanotexnologiyalar" və digər bölmələr üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.