Oktyabrın 11-də İqtisadiyyat İnstitutunda görkəmli iqtisadçı alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Əli Nuriyevin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunan tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov açaraq yubilyarın 55 illik səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, Ə.Nuriyev ərazi istehsal kompleksinin formalaşması, məhsuldar qüvvələrin yerləşməsi, regional siyasət və idarəetmənin aktual problemlərinə həsr olunmuş 270 elmi əsərin, o cümlədən 25 monoqrafiya və broşürün, 8 monoqrafik əsərin müəllifidir. Onun bir çox elmi təklifləri praktikada tətbiqini tapıb.
N.İmanov görkəmli alimin şöhrətinin ölkə sərhədlərindən kənara çıxdığını, onun bir sıra ölkələrdə Azərbaycan elmini ləyaqətlə təmsil etdiyini və müxtəlif beynəlxalq qurumların üzvü olduğunu söyləyib.
Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor Məhiş Əhmədov “Böyük və zəngin yaradıcılıq yolu”, millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirli “Əli Nuriyevin Dövlət İdarəçilik Akademiyasında elmi-təşkilati fəaliyyəti və onun nəticələri” və Sumqayıt Dövlət Universitetinin müəllimi, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev “Müdrik insan və kamil müəllim” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə qeyd olunub ki, yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində Əli Nuriyevin mühüm xidmətləri var. Onun rəhbərliyi altında 30-a yaxın elmlər və fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib. Alim AMEA-nın İqtisadiyyat İnstitutundakı və AMEA-nın Naxçıvan Bölməsindəki ixtisaslaşdırılmış dissertasiya şuralarının, “AMEA-nın Xəbərləri (iqtisadiyyat seriyası)”, “AMEA-nın Naxçıvan Bölməsinin Xəbərləri”, “İpək yolu”, “Kooperasiya”, “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” jurnallarının redaksiya heyətinin üzvüdür.
Bildirilib ki, Azərbaycan Respublikasının 1990-1992-ci illərdə respublikada yeni inzibati rayonların yaradılmasında onun konsepsiyası əsas olaraq qəbul edilib. Səmərəli elmi-pedaqoji fəaliyyəti, iqtisad elminin inkişafındakı xidmətləri nəzərə alınaraq, görkəmli alim 80 illiyi ilə əlaqədar AMEA-nın Fəxri fərmanı ilə təltif edilib.
Tədbirdə Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, dosent Səadət Qəndilova, alimin qızı, iqtisad üzrə fəlsəfə doktoru Mətanət Abdalova və başqaları Azərbaycan iqtisad elminin inkişafında böyük xidmətləri olmuş Ə.Nuriyevin çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb, alimi yubileyi münasibətilə təbrik ediblər. Natiqlər bildiriblər ki, Ə.Nuriyev respublikamızın elmi ictimaiyyəti arasında tanınmış iqtisadçı alim, nüfuzlu və bacarıqlı təşkilatçı, elmi-nəzəri və təcrübi əhəmiyyətə malik ideyaların daşıyıcısı kimi böyük hörmətə malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.