Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2019 15:48
  • A-
  • A
  • A+

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” mövzusunda respublika elmi konfransı keçirilib

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” mövzusunda respublika elmi konfransı keçirilib

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunan “Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvanın muxtariyyət statusu əldə etməsi və muxtar respublikanın yaradılması tarixindən bəhs edib. Bildirib ki, 1921-ci ildə imzalanan Moskva müqaviləsi ilə Naxçıvana muxtariyyət statusu verilib, Qars müqaviləsi ilə bu status möhkəmləndirilib və 9 fevral 1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan edilib.

Daha sonra İsmayıl Hacıyev “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı məruzə ilə çıxış edib. O, ümummilli lider Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq” sözlərini xatırladıb. İ.Hacıyev qeyd edib ki, Naxçıvan özünün muxtariyyət statusu sayəsində hərtərəfli inkişafa nail olub.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafının prioritet istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, muxtar respublikada təhsil davamlı və müasir tələblər səviyyəsində inkişaf etdirilir. Təhsilə göstərilən dövlət qayğısı, maddi-texniki bazanın gücləndirilməsi, yeni təlim texnologiyalarına uyğun kadr potensialının möhkəmləndirilməsi, məktəblərdə müasir innovativ layihələrin həyata keçirilməsi, informasiya-kommunikasiya texnologiyalarının təhsil müəssisələrində tətbiqi, kitabxana fondlarının zənginləşdirilməsi, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı gələcək nəsillərin maarifləndirilməsi və təhsil sahəsində atılan əhəmiyyətli addımlardır.

Sonra Naxçıvan Dövlət Universitetinin professoru, iqtisad üzrə elmlər doktoru Nazim Əhmədovun “90-cı illərin ortalarında ölkədə makro-iqtisadi sabitliyin əldə olunması və Naxçıvan sənayesində yeni inkişaf mərhələsinin başlanması”, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Akif İmanlının “Muxtariyyət tarixi fonunda elmi-pedaqoji düşüncələr”, Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Türk qapısına gedən yol və Naxçıvanın muxtariyyət statusu” mövzusunda məruzələri dinlənilib. Məruzəçilər muxtariyyət dövründə Naxçıvanın iqtisadiyyatı və onun inkişaf istiqamətləri, təlim-tərbiyə prosesində millət, vətən, xalq məfhumları, Naxçıvanın coğrafi mövqeyi, onun imperialist dövlətlərin geosiyasi maraqlarında yeri məsələləri ilə bağlı fikirlərini bölüşüblər.

Konfrans işini “Naxçıvanın muxtariyyət tarixi və arxeologiyası”, “Muxtariyyət dövründə elm və ədəbiyyat”, “Muxtariyyət dövründə sosial-iqtisadi və mədəni inkişaf” və “Muxtariyyət dövründə təhsilin inkişafı” mövzularında bölmə iclasları ilə davam etdirib.

Bölmə iclaslarında muxtariyyət illərində Naxçıvanda baş verən siyasi, sosial-iqtisadi proseslər, elmi, mədəni inkişaf və onun nəticələrinə həsr edilən məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: