AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan hesabat iclası keçirilib.
Müəssisənin illik hesabatını təqdim edən MEK-in direktoru, t.ü.f.d. Leyla İmanova bildirib ki, cari ildə kitabxanada ölkə Prezidenti İlham Əliyevin sərəncamlarının icrası çərçivəsində “Nəsimi – 650”, “Həmid Araslı – 110”, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin Tədbirlər planında müasir elektron dərsliklər” layihələri həyata keçirilib, eləcə də AMEA prezidentinin sərəncamları və Rəyasət Heyətinin qərarları tam icra olunub.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə MEK-in Milli Rəqəmsal Yaddaş bazasının “Siyahılar” kateqoriyasına 2016, 2017 və 2018-ci illər üçün Azərbaycan və rus dillərində “Əqli mülkiyyət – rəsmi qeydə alınmış ixtiralar və faydalı model patentləri”siyahıları, “Məzarı tapılmayan azadlıq və repressiya qurbanları”, “Cümhuriyyət dövründə xaricdə təhsil almış azərbaycanlı tələbələr”, “Xaricdə təhsil almış tələbələr”, “Abidələr”, “Məzarları tapılmış Cümhuriyyət qurbanları” və s. sənədlər daxil edilib.
L.İmanova əlavə edib ki, kitabxananın bazasında Qafqaz Tarixi Mərkəzi, UNESKO kafedrası, “Günəşin axtarışında” İşçi qrupu, "Vətəndaş təşəbbüsü" qrupu və “Umay” Beynəlxalq Araşdırmalar Mərkəzi ilə birlikdə indiyə qədər qeydiyyata alınmamış, Azərbaycanın bölgələrində işğal altında olmuş ərazilərdə dağıdılmış mədəniyyət abidələri və unikal biritual məzarlıqların siyahıları xüsusi yer tutur.
MEK-də Vikipediya ilə bağlı görülən işlərdən bəhs edən direktor erməni dilində təlimlərin keçirildiyini, kitabxananın fondlarında bu dildə olan 900 sənədin araşdırıldığını və e-kataloqa daxil edildiyini, eləcə də “Library” proqramı üçün “Fondların formalaşdırılması” modulunun hazırlandığını və “Elektron dərsliklər” bazasının yaradıldığını qeyd edib.
"Cari ildə MEK tərəfindən yaradılmış yeni elektron resurslara xüsusi yer ayrılıb" - deyən L.İmanova bildirib ki, təhsil sistemində riyaziyyat, informasiya texnologiyaları, fizika, coğrafiya, kimya, biologiya fənləri üzrə elektron dərsliklər bazası yaradılıb, Milli Rəqəmsal Yaddaş bazasının “Siyahılar” kateqoriyasına milli yaddaşa daxil olunması zəruri olan yeni məlumatlar, o cümlədən Azərbaycanın elm və mədəniyyət xadimlərinin əsərlərinin elektron kolleksiyaları daxil edilib.
Hesabatda MEK-in beynəlxalq qurumlarla əlaqələri, strateji hədəflər üzrə fəaliyyət, il ərzində keçirilən təlimlər, ali məktəblərlə informasiya resurslarının formalaşdırılmasına dair əməkdaşlıq, kitabxana-xidmət üzrə əsas göstəricilərin artım dinamikası və s. haqda da məlumat verilib.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli MEK-in 2019-cu ildəki fəaliyyətini yüksək qiymətləndirilib. Hesabatın AMEA Rəyasət Heyətinə təqdim olunması tövsiyə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.