Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.01.2020 16:53
  • A-
  • A
  • A+

“Naxçıvanda ədəbi proses-2019” mövzusunda elmi konfrans keçirilib

“Naxçıvanda ədəbi proses-2019” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “Naxçıvanda ədəbi proses-2019” mövzusunda elmi konfrans keçirilib.

Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi tərəfindən təşkil olunan tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatı ilə bağlı fikirlərini xatırladaraq bildirib ki, ulu öndər ictimai-siyasi fəaliyyəti boyunca tariximizə, ədəbiyyat və mədəniyyətimizə yüksək qiymət verib, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirib. İ.Hacıyev qeyd edib ki, dahi lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, ədəbiyyatda da canlanma baş verib. Ulu öndərin imzaladığı fərman və sərəncamlar əsasında ölkəmizdə ədəbiyyatla bağlı çoxsaylı tədbirlər həyata keçirilib, görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunub, sənətkarlar yüksək dövlət mükafatları ilə təltif olunublar.

Hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının davam etdirildiyini deyən bölmə sədri Naxçıvanda tanınmış ədiblərin yubileylərinin keçirildiyini, onların əsərlərinin yenidən çap olunduğunu diqqətə çatdırıb.

Daha sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli “Naxçıvan ədəbi mühitinin tədqiqi yeni mərhələdə”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin şöbə müdiri Surə Seyid “Dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr”, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev “Naxçıvanda ədəbi proses”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “2019-cu ildə ədəbi-elmi əlaqələr” və həmin institutun direktor müavini Hüseyn Həşimli “Tənqid və ədəbi proses” mövzusunda məruzələrlə çıxış ediblər.

Akademik İsa Həbibbəyli Naxçıvanda ədəbi proseslərin təhlilinə həsr olunan tədbiri yüksək qiymətləndirib. Ədəbi mühitin öyrənilməsinin zəruriliyini vurğulayan alim bildirib ki, Naxçıvan Bölməsində bu istiqamətdə əhəmiyyətli işlər görülüb, müxtəlif illərdə ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyatı ilə bağlı kitablar çap olunub, dissertasiyalar yazılıb. AMEA-nın birinci vitse-prezidenti Naxçıvanın ədəbi proseslərinin sistemli şəkildə öyrənilməsi istiqamətində Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən monoqrafik kitabın hazırlandığını diqqətə çatdırıb.

Konfransda “Bədii nəsrin inkişaf meyilləri”, “Poeziya: axtarışlar, tendensiyalar”, “2019-cu ilin dramaturgiyası” və “Bədii tərcümə məsələləri” mövzularında təqdim olunan məruzələrdə muxtar respublikada yaşayıb-yaradan şair və yazıçılara hər zaman dövlət tərəfindən xüsusi diqqət göstərildiyi bildirilib. Qeyd olunub ki, naxçıvanlı şair və yazıçılarımızdan 4-ü “Şərəf” və “Şöhrət” ordeninə, 10-u “Tərəqqi” medalına, 14-ü ölkə Prezidentinin fərdi təqaüdünə və Prezident mükafatına layiq görülüb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin qayğısı ilə 32 şairin əsərlərinin çapı üçün vəsait ayrılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: