Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 136-cı ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib
31.01.2020 10:16
  • A-
  • A
  • A+

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 136-cı ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib

Yanvarın 30-da “Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyi” İctimai Qrupunun təşəbbüsü ilə “Məhəmməd Əmin Rəsulzadə irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda M.Ə.Rəsulzadənin irsi, həyat və yaradıcılığı ilə məşğul olan azərbaycanlı alimlərlə yanaşı, Rusiya, Ukrayna, Gürcüstan, İran, Türkiyə, Polşa və Almaniyadan tarixçilər də iştirak edib.

Dövlət himni səsləndirildikdən sonra konfransı giriş sözü ilə professor Solmaz Rüstəmova-Tohidi açıb, M.Ə.Rəsulzadənin həyat və yaradıcılığı barədə danışıb. Bildirib ki, o, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri idi.

Daha sonra konfrans işini AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində davam etdirib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı M.Ə.Rəsulzadənin xalqımız qarşısındakı xidmətlərindən danışıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən M.Ə.Rəsulzadə irsinə böyük dəyər verildiyini və ulu öndərin onun Ankaradakı məzarını ziyarət etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev 2014-cü ildə M.Ə.Rəsulzadənin 130 illik yubileyinin, 2018-ci ildə isə AXC-nin 100 illiyinin keçirilməsi ilə bağlı müvafiq sərəncamlar imzalayıb.

Konfransda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, h.e.d. Hikmət Cavadov, Fransa İctimai Tədqiqatlar Ali Məktəbinin əməkdaşı, prof. Georgi Mamulia, Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, prof. Eva-Mariya Aux, Polşa Elmlər Akademiyası Siyasi Tədqiqatlar İnstitutunun professoru Qriqori Novik və digərləri çıxış ediblər.

Tədbirdə M.Ə.Rəsulzadənin ev-muzeyinin açılması mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilib və cümhuriyyət dövrünün öyrənilməsi, tədqiqi və dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: