Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.02.2020 14:13
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna yeni əlyazma və çap kitabları daxil olub

Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna yeni əlyazma və çap kitabları daxil olub

Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 24 yeni əlyazma və çap kitabı daxil edilib.

Bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev tariximizin yaddaş reallığını özündə əks etdirən qədim əlyazma və çap kitablarının əvəzsiz rolundan danışıb. Bildirib ki, qədim əlyazmalar mənsub olduğu xalqın keçmişini, mədəni həyatını, tarixini yaşadır. Onlar gələcək nəsillər üçün qiymətlidir.

Alim ümummilli lider Heydər Əliyevin “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərsində fəqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” sözlərini xatırladaraq, ölkəmizdə həyata keçirilən mühüm işlər sırasında müxtəlif tarixi qaynaqları əhatə edən kitabların toplanılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. 

Mədəniyyət Nazirliyi tərəfindən əldə olunan kitabların qurumun Əlyazmalar Fonduna hədiyyə edilməsini yüksək dəyərləndirən İsmayıl Hacıyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği istiqamətində muxtar respublika sakinləri ilə yanaşı, Əməkdar mədəniyyət işçisi Akif Hacıyevin xidmətlərini xüsusi vurğulayıb. Qeyd edib ki, onun topladığı kitablar arasında XX əsrin əvvəllərinə aid daha çox əsərlər var ki, bu da fondun zənginləşməsinə xidmət edir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək yazılı abidələrin təkcə xalqımızın deyil, Yaxın və Orta Şərqin ictimai-siyasi vəziyyətinin, elmi-mədəni mühitinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. O, tarixi əhəmiyyət kəsb edən eksponatların, həmçinin qədim əlyazma və kitab nümunələrinin muzeylərə və elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsinin muxtar respublikada qədim tariximizə, zəngin mədəniyyətimizə göstərilən diqqət və qayğının əməli nəticəsi olduğunu bildirib. 

Daha sonra Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov hədiyyə olunan Azərbaycan, ərəb və fars dillərində 24 adda əlyazma və çap kitabı ilə bağlı iştirakçılara məlumat verib.  Diqqətə çatdırılıb ki, fonda Salman Mümtazın “Azərbaycan ədəbiyyatı: Aşıq Abdulla”, “Azərbaycan ədəbiyyatı. El şairləri” (II cild), Abdulla Şaiqin “Türk ədəbiyyatı”, Qafur Rəşadın “Coğrafiya” dərsliyi, Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” (II cild, II hissə), Sultan Məcid Qənizadənin “Məktubati-Şeyda bəy Şirvani”, İsmayıl Hikmətin “Türk ədəbiyyatı” və digər əlyazma və çap kitabları daxil olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: