Bu gün AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının müzakirəsi keçirildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov Moskva şəhərində rus dilində çap olunmuş kitabın əhəmiyyətindən söz açdı, aktual mövzuya həsr olunan əsərin qiymətli bir tarixi mənbə olduğunu bildirdi. Akademik qeyd etdi ki, müəllif ilkin mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın tarixin ən qədim dövrlərindən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti oxuculara təqdim edir. Onun sözlərinə görə, əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində məqsədyönlü şəkildə törədilən süni maneələrə də münasibət bildirilir.
R.Hüseynov bildirdi ki, kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktini bütün kökləri ilə meydana qoyan, dərindən açıb ümumiləşdirən və bu sahədə saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdıran elmi əsərdir: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ardıcıllıqla, tarixi faktlara əsaslanaraq göstərildiyi kitab erməni millətinin saxtakarlıqlarını, iç üzünü açıq aydın göstərən dəyərli mənbədir”.
Daha sonra çıxış edən “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev bildirdi ki, akademik Ramiz Mehdiyevin bu kitabında Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri araşdırılır. Müəllif çox sayda ilkin mənbələr və elmi ədəbiyyat əsasında Dağlıq Qarabağın tarixin ən qədim dövrlərindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim edir. Kitab alimin elmi-nəzəri və fəlsəfi ümumiləşdirmələri baxımından da Azərbaycan elminin böyük nailiyyətidir.
Tədbirdə filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli, tarix üzrə elmlər doktoru Abbas Seyidov və başqaları çıxış edərək monoqrafiyanın tarixi əhəmiyyətindən, qarşıya qoyulmuş problemin tədqiqat-araşdırılma istiqamətlərindən danışdılar, kitabın dünyanın müxtəlif dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə təbliğ olunmasını təklif etdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.