Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

I Azərbaycan-Belarus beynəlxalq konfransı öz işinə başladı
21.10.2014 00:00
  • A-
  • A
  • A+

I Azərbaycan-Belarus beynəlxalq konfransı öz işinə başladı

Bu gün “Hyatt Recency” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondununtəşəbbüsü və maliyə dəstəyi ilə I Azərbaycan-Belarus beynəlxalq konfransı öz işinə başladı.

Öncə bir sıra yerli və xarici şirkətlərin istehsalı olan müasir və keyfiyyətli elmi cihaz və avadanlıqların sərgisi nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Elçin Babayev konfransın iki ölkə arasında elmi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyinin göstəricisi olduğunu bildirdi. Bu cür tədbirlərin vaxtaşırı keçirilməsinin əhəmiyyətini vurğulayan natiq konfransın müxtəlif elm sahələrini əhatə etdiyini qeyd etdi. Elmin İnkişafı Fondunun yarandığı gündən iki ölkənin müvafiq təşkilatları arasında səmərəli və sıx əməkdaşlıq əlaqələrinin inkişaf etdirdiyini nəzərə çatdırdı. Fondun fəaliyyətinin təşkilində və səmərəliliyinin artırılmasında qarşı tərəfin təcrübəsindən yararlandıqlarını ifadə etdi.

Bildirdi ki, konfransdan əvvəl qurumların birgə qrant komissiyasının iclası da baş tutub. İclasda 2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin təşkili və keçirilməsi üzrə məsləhətləşmələr aparılıb, müsabiqənin prioritetləri, keçirilmə tarixi, ekspertiza işinin təşkili ilə bağlı məsələlər müzakirə olunaraq razılaşdırılıb.

Tədbirdə 2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsi rəsmi olaraq elan edildi.

Müsabiqə üçün Elmin İnkişafı Fondu tərəfindən 500 min manatın ayrıldığı açıqlandı. Qeyd olundu ki, I müsabiqədən fərqli olaraq ikinci müsabiqədə bütün elm sahələri və istiqamətləri əhatə olunacaq. Ekspertiza keçirildikdən və qaliblər elan olunduqdan sonra 2015-ci ilin I yarısında layihələrin maliyələşdirilməsinə başlanacaq.

Sonra AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək konfransın əhəmiyyətini önə çəkdi. Bildirdi ki, məqsəd I Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri üzrə bir il ərzində alınmış elmi nəticələri təhlil etmək, monitorinq xarakteri daşıyan müzakirələr aparmaq, birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə məsləhət və tövsiyələr verməkdir.

Belarus-Azərbaycan Forumunun keçirilməsi təklifini irəli sürən akademiya rəhbəri Elmin İnkişafı Fondunun yaranmasının 5 illiyi münasibətilə E.Babayevə Rəyasət Heyətinin təbrik ünvanını təqdim etdi.

 Tədbirdə çıxış edən Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskeviç Nikolay Yermolayeviç, AR Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Babayev, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Belarus Respublikasının Fundamental Tədqiqatlar Fondunun icraçı direktoru, akademik Orloviç Valentin Antonoviç, Belarus Milli Elmlər Akademiyasının müxbir üzvü Qaponenko Serqey Vasilyeviç, AMEAFizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və digərləri ölkələrimiz arasında elmi əməkdaşlığın perspektivlərindən söhbət açdılar.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: