Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.04.2020 15:17
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun şöbələrinin növbədənkənar məzuniyyət dövründəki fəaliyyəti müzakirə edilib

Ədəbiyyat İnstitutunun şöbələrinin növbədənkənar məzuniyyət dövründəki fəaliyyəti müzakirə edilib

Aprelin 27-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib.

İclası giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Akademik İ.Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı mühüm işlər görüb. Dövlət başçısının koronavirus pandemiyasının respublikamızda yayılmasına qarşı müxtəlif istiqamətlərdə həyata keçirdiyi  qabaqlayıcı tədbirlər ölkəmizin bu çətin sınaqdan uğurla çıxmasını təmin edib. Alimin sözlərinə görə, Azərbaycanda xəstəxanaların, sosial təcrid müəsisələrinin yetərincə olması, vaxtında zəruri izolyasiya tədbirlərinin görülməsi nəticəsində hazırda ölkəmizdə koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb.

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bu çətin günlərdə həkimlərin böyük fədakarlıq nümayiş etdirdiyini deyən akademik İ.Həbibbəyli ədəbiyyatda pandemiya dövrünün gözəgörünməyən qəhrəmanları olan tibb işçilərinin obrazlarının yaradılması ilə yanaşı, Azərbaycan polisi haqqında da yeni əsərlərin yazılmasının vacibliyini vurğulayıb. O, dövlət başçısının xalqı öz ətrafında birləşdirmək məharətinin həm ədəbiyyatşünaslıqda, həm də publisistikada əksini tapmasının zəruriliyindən danışıb. Qeyd edib ki, bu çətin günlərdə ölkə Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının onlayn şəkildə fövqəladə Zirvə görüşünün keçirilməsi bu istiqamətdə atılan ilk nümunəvi addım olub.

Akademik İsa Həbibbəyli, həmçinin xüsusi karantin dövründə öz fəaliyyəti ilə bağlı məlumat verib. O, Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə keçirilən Türk Dünyası Elmlər Akademiyaları Birliyinin videokonfransında iştirak etdiyini, bundan başqa, Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunan Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş beynəlxalq onlayn konfransda çıxış etdiyini bildirib. Alim ən qısa zamanda bu çətin və məsuliyyətli vəziyyətdən çıxaraq yenidən normal həyata qayıdacağımıza inamını ifadə edib.

O, pandemiya dövründə Ədəbiyyat İnstitutunun elmi tədqiqat şöbələrinin fəaliyyətlərini davam etdirdiklərini diqqətə çatdırıb. Bildirib ki, institut internet resurslarından istifadə etməklə öz işini koordinasiyalı şəkildə həyata keçirib, müəssisənin www.literature.az saytı operativ şəkildə əməkdaşların məqalələrini, zəruri elmi informasiyaları ictimaiyyətə çatdırıb.

Sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli çıxış edərək “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti, o cümlədən Əziz Mirəhmədov haqqında kitabın və Məhəmməd Hadi ilə bağlı məqalələrin toplanması işinin gedişatı barədə məlumat verib. Digər elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı isə “Azərbaycan altmışıncıları” kollektiv monoqrafiyası və Molla Pənah Vaqifin yaradıcılığından bəhs edən kitabın hazırlanması ilə bağlı görülən işlərdən danışıb. O, institut əməkdaşları ilə mütəmadi olaraq onlayn formada əlaqə saxlanıldığını və aparılan tədqiqatlarla bağlı hesabatların verildiyini diqqətə çatdırıb.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının iki buraxılışının hazırlandığını qeyd edib. Elmi katib müəllifi olduğu Çingiz Aytmatovun həyat və yaradıcılığı haqqında monoqrafiyanı tamamladığını və rəhbərliyin tapşırıqlarını lazımınca yerinə yetirməyə çalışdığını bildirib. Direktor müavini Rəşad Qasımov da karantin dövründə həyata keçirilən bir sıra işlər barədə məlumat verib.

Daha sonra müəssisənin Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov çıxış edib. O, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Dünya ədəbiyyatı” jurnalının AMEA-nın Ədəbiyyat İnstitutu ilə birgə xüsusi buraxılışının nəşrə hazırlanmasının son vəziyyəti barədə fikirlərini bölüşüb. İnstitutun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov “Əfzələddin Xaqani: həyatı və yaradıcılığı” kollektiv monoqrafiyasının nəşrə hazırlandığını, həmçinin Əmir Xosrov Dəhləvi haqqında əsərin tamamlanmaq üzrə olduğunu bildirib.

Onlayn iclasda Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyev institutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının görkəmli qazax şairi Abay Kunanbayevə həsr olunmuş xüsusi buraxılışı üçün məqalələrin yazılması və redaktə olunması prosesindən danışıb. Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov isə şöbə əməkdaşlarının çap olunmuş məqalələri və R.Taqor haqqında kitab barədə məlumat verib. Bundan başqa, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd Şamil Salmanovun seçilmiş məqalələrinin çapa hazırlandığını və digər redaktə işlərinin həyata keçirildiyini, filologiya elmləri doktoru Ataəmi Mirzəyev Məhəmməd Füzuli haqqında monoqrafiyanın üzərində işlərin yekunlaşdığını diqqətə çatdırıb.

İnstitutun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli şöbəyə həvalə olunmuş “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti haqqında danışıb. O, bu il dramaturgiya ilə bağlı məruzə hazırladığını, eyni zamanda, müəllifi olduğu Əli İldırımoğlu haqqında kitabın çapa təqdim edildiyini və hazırda digər monoqrafiya üzərində işlədiyini bildirib. Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd şöbənin hazırladığı “Molla Nəsrəddin” ensiklopediyasının son redaktə işləri, yeni çap olunmuş “Mətbuat tarixi və publisistika məsələləri”nin ikinci cildi, həmçinin özünün müəllifi olduğu romanlardan bəhs edib.  

Sonra institutun nəzdindəki Dissertasiya şurasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı çıxış edərək şuranın fəaliyyəti və üzərində işlədiyi kitablar barədə məlumat verib. Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Binnətova isə çıxışında müəssisənin “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışının nəşrə hazırlanmasından danışıb. Alim Nəvai Dövlət Pedaqoji İnstitutunda keçirilən “Təhsildə müəllim-tələbə sistemi keyfiyyət və səmərəliliyin qarantıdır” və Buxara Dövlət Universitetində təşkil olunan “Müasir filologiyada inteqrasiya prosesləri” adlı elmi konfranslarda onlayn iştirak etdiyini diqqətə çatdırıb. 

İclasda, həmçinin Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova “Xanımana Əlibəyli: həyatı və yaradıcılığı” monoqrafiyasının nəşrə hazırlanması vəziyyətindən bəhs edib.

Daha sonra filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva, Xanım Zairova, Töhfə Talıbova, Şükufə Vəliyeva, o cümlədən İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Qasımlı və direktor köməkçisi Pənah Hacıyev karantin dövründəndəki fəaliyyətləri ilə bağlı məlumat veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: