Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və institutun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika üzrə elmlər doktoru Ayaz Bayramovun “Fizika İnstitutunda qabaqcıl naziktəbəqəli texnologiyaların inkişafı” adlı məruzəsi dinlənilib.
Məruzədə qeyd edilib ki, son bir neçə ildə institutun müasir təcrübi, nəzəri və texniki bazasının yaradılması və yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturları üzrə innovasiya proqramının işə salınması yolunda bir sıra mühüm işlər görülüb. Bu proqram çərçivəsində aparılan elmi araşdırmalar nanotexnologiya, informasiya texnologiyaları və bərpa olunan enerji mənbələri sahələrinə aiddir. Sadalanan bu problemlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən respublikanın inkişafının prioritet istiqamətləri sırasına salınıb.
İşlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyə dəstəyi ilə Pilot layihəsinin yerinə yetirilməsi nəticəsində reallaşıb. Bu layihə nəticəsində institutda dünya standartlarına cavab verən, ən müasir texnoloji və tədqiqat avadanlıqları ilə təmin olunmuş İnnovasiya sektoru yaradılıb. Həmçinin, yaxın illərdə alınmış nazik təbəqəli yarımkeçirici materiallar və onların əsasında yüksək effektivli günəş elementlərinin yaradılması perspektivləri haqqında da məlumat verilib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. Akademiklər İbrahim Quliyev, Tofiq Nağıyev, Adil Qəribov, Telman Əliyev və başqaları suallarla çıxış ediblər.
Sonra AMEA-nın Elmi Nailiyyətlər Sərgisinin təşkili üzrə Komissiyanın yaradılması haqqında məlumat verən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, müstəqillik illərində dövlətin elmə ciddi dəstəyi və alimlərimizin fədakar əməyi nəticəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında elmin müxtəlif istiqamətlərində həm fundamental, həm də innovativ tətbiqi əhəmiyyətli bir sıra nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərin əksəriyyəti spesifik elmi və texniki mahiyyət daşıdığından ancaq həmin sahəyə aid olan mütəxəssislərə məlum olur. Bunun da nəticəsində alimlərimizin nailiyyətləri ictimayyətə məlum olmur və onlar layiq olduğu ictimai rəyi ala bilmirlər. Digər tərəfdən gənclərimiz də elmimizin və alimlərimizin nailiyyətlərindən xəbərsiz olduqları üçün bu şərəfli peşə ilə məşğul olmağa az həvəs göstərirlər. Bu isə elmimizin yeni kadr potesialı ilə təmin olunmasında çətinliklər yaradır. Buna görə də alimlərimizin elmi nailiyyətlərinin təbliği istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir. Həmçinin, alimlərimizin dünya elmi sisteminə inteqrasiya problemlərinin həllində də onların nəticələrinin reklam və təqdimatının böyük əhəmiyyəti, eyni zamanda bu nailiyyətlərin istehsalatın müxtəlif sahələrində istifadə edilməsi üçün müxtəlif dövlət və qeyri-dövlət müəssisələrinin mütəxəssislərini bu yeniliklər barədə müntəzəm olaraq məlumatlandırmaq ehtiyacı vardır. Müzakirədən sonra akademiyanın elmi müəssisə və təşkilatalarında əldə olunmuş nailiyyətlərin daimi fəaliyyətdə olan sərgisinin effektiv təşkili məqsədi ilə Rəyasət Heyəti tərəfindən qərar qəbul edilib.
Sonra çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) yeni tərkibi haqqında danışıb. Bildirib ki, RETƏŞ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” 4 yanvar 2003-cü il tarixli fərmanının icrası ilə əlaqədar ölkədə bütün elmi müəssisə və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək məqsədilə AMEA Rəyasət Heyətinin 11 fevral 2004-cü il tarixli qərarı ilə yaradılıb. Şuranın fəaliyyətinin səmərəli təşkili üçün onun tərkibinə respublikanın görkəmli alim və mütəxəssisləri daxil edilib, həmçinin elmi istiqamətlər üzrə müvafiq elmi şuralar yaradılıb. Akademik qeyd edib ki, ötən müddət ərzində RETƏŞ tərəfindən respublikamızda elmi müəssisə və ali məktəblərdə aparılan elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, elmi tədqiqat işlərinin illik və uzunmüddətli planlarının işlənməsi, elmi tədqiqatların yekunlarına dair hesabatların müzakirəsi və RETƏŞ-in Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələrin həyata keçirilməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilib. Bunlara baxmayaraq hazırda akademiyada ölkəmizin dinamik inkişafı ilə şərtlənən islahatların aparılması, elmi fəaliyyətin təşkilinin, əlaqələndirilməsinin və idarə olunmasının ölkəmizin inkişaf strategiyasına uyğun olaraq qurulması RETƏŞ-in də fəaliyyətinin təkmilləşdirilməsini və tərkibinin yenidən formalaşdırılmasını zəruri edir. İclasda şuranın yeni tərkibi Rəyasət Heyətinin növbəti qərarı ilə təsdiq olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.