Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Uşaqların internetdən asılılıq dərəcəsi onların loq-faylları əsasında müəyyən edilə bilər
26.10.2020 14:52
  • A-
  • A
  • A+

Uşaqların internetdən asılılıq dərəcəsi onların loq-faylları əsasında müəyyən edilə bilər

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin “Uşaqların loq-faylları əsasında internet-asılılığın müəyyən olunması” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirilib.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Sabirə Ocaqverdiyeva internetin sürətli inkişafı və onun təqdim etdiyi xidmətlərin kifayət qədər populyarlıq qazanmasının internet istifadəçilərinin sayının çoxalmasına, informasiya fəzalarında böyük həcmli məlumatların formalaşmasına, insanların bir-biri ilə münasibətlərinin yeni formalarının yaranmasına və s. səbəb olduğunu bildirib. Qeyd edib ki, internet istifadəçilərinin bir hissəsini təşkil edən uşaq və yeniyetmələr sosial şəbəkələrdə öz profil və statuslarını tez-tez yeniləyir, axtarışlar edir, şəbəkə oyunları oynayır, dərslərinə hazırlaşır, forum və çatlarda iştirak edir, informasiya paylaşırlar. Onların bəziləri internetdən daha çox istifadə edir və günün böyük hissəsini şəbəkədə keçirirlər ki, bu da zamanla internetdən asılılıq yaradır.

“İnternet-asılılıq şəxsin psixoloji durumuna, təhsil və ya peşəsinə, o cümlədən sosial əlaqələrinə ziyan vurulması ilə nəticələnən İnternetdən həddindən artıq istifadədir”, - deyə bildirən S.Ocaqverdiyeva internet-asılılıq termininin tarixindən söz açıb. Bildirib ki, internet-asılılıq uşaq və yeniyetmələrdə bir sıra mənfi halların yaranmasına səbəb olur. Onların yuxu rejimi pozulur, dərslərini vaxtında hazırlaya bilmirlər, kompüter qarşısında oturmaqla fiziki görkəm dəyişir (çiyinləri qısılır və s.), psixoloji problemlər yaranır, aqressivləşirlər, virtual aləmə bağlı olur, sosiallaşa bilmirlər, virtual mühitdə olmağa üstünlük verirlər, İnternet yeniyetmələri radikallaşdırır (beyin yuyulması, terrora cəlb olunma və s.).

Məruzəçinin sözlərinə görə, uşaq və yeniyetmələrin informasiya təhlükəsizliyinin təmin olunması sahəsində effektli həllərin, metod və mexanizmlərin işlənilməsinə ehtiyac var. Bu məqsədlə uşaq və yeniyetmələrin loq-faylları analiz edilir, onların İnternet mühitində fəaliyyətləri ilə bağlı təhlillər aparılır, şəbəkədən asılılıq dərəcəsi müəyyən edilir.

O, qeyd edib ki, loq-fayllar veb-serverdə toplanan qeydiyyat fayllarıdır. Onlar veb-qovşaqdan keçən trafik və istifadəçilərin davranışları haqqında əsas informasiya mənbəyi hesab olunur. Loq-faylların analizi əməliyyat sistemləri və qurğular tərəfindən qeydə alınan hadisələri nəzərdən keçirməklə, təhdidləri aşkarlamaq üçün effektiv üsuldur.

Loq-analizin tətbiqləri, istifadə olunan klassifikatorlar, aparılmış eksperimentlər barədə məlumat verən məruzəçi təklif edilən metodun (Proposed Weighted SVM) digərləri ilə müqayisədə daha düzgün proqnoz verə bildiyini nəzərə çatdırıb.

“Müasir uşaqlar rəqəmsal mühitdə böyüyürlər və onların texnologiyaya olan maraqları böyükdür. Belə nəticəyə gəlmək olar ki, loq-faylları analiz etməklə uşaqların internetdən asılılıq dərəcəsi müəyyən edilə bilər ki, bu məlumatlar da valideynlər, təhsil və sağlamlıq müəssisələri üçün çox faydalı olar”, - deyə S.Ocaqverdiyeva bildirib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: