Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı
23.11.2020 18:19
  • A-
  • A
  • A+

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı

Öncədən də ölkə ictimaiyyətinə məlumat verildiyi kimi, AMEA Rəyasət Heyətinin 2020-ci il ilin 20 noyabr tarixində keçirilmiş iclasının gündəliyinə cari məsələlərlə yanaşı, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarovanın öz imzası ilə çap etdirdiyi 3 məqalənin - “İlham Əliyev və Mehriban xanım Əliyeva dünya üçün nümunədir” (28 oktyabr 2020-ci il), “Milli dövlətçiliyimizin fəlsəfəsini yaradan düha – Heydər Əliyev” (30 oktyabr 2020-ci il), “Prezidentin nitqi, davranışı özünəinamın, haqqın, ədalətin təntənəsidir” (2 noyabr, 2020-ci il) məqalələrinin plagiat olması faktı müzakirəyə çıxarılmışdır. Elmlər Akademiyasının akademik-katibi, müxbir üzv Əminağa Sadıqov iclas iştirakçılarını Sevil Zülfüqarovanın məqalələrinə dair AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı ilə aparılmış araşdırmanın nəticəsi ilə tanış etmişdir.

Araşdırmalara əsasən məlum olmuşdur ki, “İlham Əliyev və Mehriban xanım Əliyeva birliyi dünya üçün nümunədir” məqaləsi Heydər Əliyev Fondunun keçmiş icraçı direktoru, hal-hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi olan Anar Ələkbərovun 28 avqust 2014-cü ildə Azərtac İnformasiya Agentliyində yayımlanan və İnterfaksda da dərc edilmiş “Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsinin başlığı dəyişilmiş və cüzi ixtisarlar aparılmış kopyasından ibarətdir. Həmçinin aydın şəkildə görünür ki, məqalədə verilmiş, məsələn, “peşəkar fəaliyyəti uzun illərdir Mehriban Əliyevanın adı ilə ayrılmaz şəkildə bağlı olan bir insan kimi, onun işə və ətrafdakılara münasibəti haqqında təəssüratlarımı bölüşmək qərarına gəldim” kimi ifadələr uzun illər ərzində ölkəmizin Birinci xanımı ilə birlikdə işləmiş əsil müəllif Anar Ələkbərova məxsus olsa da, Sevil Zülfüqarova bu fikirləri də öz adına çıxmaqdan çəkinməmişdir.

Sevil Zülfüqarovanın imzası ilə yayımlanmış “Milli dövlətçiliyimizin fəlsəfəsini yaradan düha – Heydər Əliyev” adlı digər bir plagiat məqalə də Mərkəzi Elmi Kitabxananın saytında və digər saytlarda yayımlanaraq ictimaiyyətə çatdırılmışdır.

Sevil Zülfüqarovanın “Milli dövlətçiliyimizin fəlsəfəsini yaradan düha - Heydər Əliyev” adlı məqaləsinin araşdırılması nəticəsində məlum olmuşdur ki, yazının birinci yarısı 14 iyul 2016-cı ildə Azərtac-da yayımlanmış “Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47 ili tamam olur” və AzTV saytında 14 iyul 2020-ci ildə təkrarən verilmiş “Ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin 51 ili tamam olur” başlıqlı müəllifsiz mətnlərdən, digər yarısı isə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimovun 16 iyun 2020-ci il tarixində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin saytında yayımlanmış “Heydər Əliyev fenomeni – Milli Qurtuluşun təntənəsi” adlı məqaləsindən köçürülmüşdür. Sevil Zülfüqarova hər iki yazının ayrı-ayrı parçalarını olduğu kimi köçürüb birləşdirərək bu məqaləni də öz adına çıxmışdır.

Sevil Zülfüqarovanın özünü müəllif kimi göstərdiyi üçüncü yazı “Prezidentin nitqi, davranışı özünəinamın, haqqın, ədalətin təntənəsidir” adlı məqaləsidir. Bu məqalə də Mərkəzi Elmi Kitabxananın saytında və digər elektron resurslarda öz imzası ilə yerləşdirilmişdir. Bu plagiat məqalə isə “Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılovun 16 oktyabr 2020-ci il tarixdə həmin qəzetin saytında yayımlanmış “Özünəinamın təntənəsi” adlı yazısından köçürülmüşdür. Bu da məqalənin əsil müəllifinin mətninin Sevil Zülfüqarova tərəfindən özününküləşdirdiyini təsdiq edir. Sevil Zülfüqarovanın olduğu kimi üzünü köçürüb öz adına çıxdığı plagiat məqalələrin hansı mənbələrdən oğurlanması haqqında sosial şəbəkələrdə inkarolunmaz dəqiq məlumatlar verilmişdir.

Bu məlumatlar üzə çıxarıldıqdan və ifşa edildikdən sonra məqalələr Sevil Zülfüqarovun tapşırığı ilə dərhal Mərkəzi Elmi Kitabxananın saytından çıxarılmışdır. Öz günahını etiraf etmək, ölkə ictimaiyyətindən və AMEA rəhbərliyindən üzr istəmək əvəzinə Sevil Zülfüqarova 17 noyabr 2020-ci il tarixində AMEA rəhbərliyinə ünvanladığı məktubunda müxtəlif bəhanələr uydurmuş, yazıların guya Mərkəzi Elmi Kitabxananın sabiq direktoru Leyla İmanovanın dostları və qonşuları, həmin qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin işçiləri Orxan Vəliyev, İlahə Feyziyeva, Röya İsrafilova və Gülşən Məmmədoğlu tərəfindən onun Facebook sosial şəbəkəsindəki səhifəsinə yerləşdirildiyinə dair uydurmalar səsləndirmişdir. Halbuki, Gülşən Məmmədoğlu 2020-ci ilin mart ayında öz ərizəsi ilə MEK-dəki işindən ayrılmışdır. Orxan Vəliyev və İlahə Feyziyeva isə 2020-ci ilin sentyabrında, yəni plagiat məqalələr saytlarda yayımlanmamışdan bir ay əvvəl Sevil Zülfüqarovanın əmri ilə işdən kənarlaşdırılmışdır. Məqalələr nəşr edilən zaman adları çəkilən şəxslər artıq nəinki Mərkəzi Elmi Kitabxananın İctimaiyyətlə əlaqələr şöbəsində, ümumiyyətlə kitabxanada fəaliyyət göstərmirdilər. Röya İsrafilova isə ümumiyyətlə MEK-in İctimaiyyətlə əlaqələr deyil, qurumun Beynəlxalq əlaqələr şöbəsində fəaliyyət göstərdiyi üçün kitabxananın saytı ilə əlaqəsi yoxdur. Sevil Zülfüqarovanın öz günahını artıq Mərkəzi Elmi Kitabxanada çalışmayan əməkdaşların üzərinə yıxması, törətdiyi bir xoşagəlməz əməli başqa birilə ört-basdır etməyə çalışması təəssüf doğurur.    

Araşdırmanın nəticələri səsləndirildikdən sonra Sevil Zülfüqarovanın Azərbaycan Respublikasının dövlət rəhbərləri haqqında tanınmış rəsmi şəxslərin və jurnalistlərin məqalələrini olduğu kimi köçürüb öz adına çıxaraq kütləvi informasiya vasitələrində yayımlaması AMEA Rəyasət Heyətinin üzvləri tərəfindən yekdilliklə qınanılmış və pislənilmişdir. Qeyd olunmuşdur ki, ana qayəsi elmin və obyektivliyin keşiyində dayanmaq, plagiatla mübarizə aparmaqdan ibarət olan AMEA sistemində çalışan rəsmi bir şəxsin başqalarının intellektual əməyini  mənimsəməsi yolverilməzdir və utanc doğurur.

Ölkə ictimaiyyətini əmin edirik ki, bundan sonra da intellektual oğurluğun bütün forma və təzahürlərinə qarşı mübarizə ən barışmaz şəkildə davam etdiriləcəkdir. AMEA sıralarının bu cür şəxslərdən təmizlənməsi elmimizin inkişafı baxımından prinsipial əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: